Qurban Qurbanov: “İstədiyimiz formada deyilik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Dinamika var idi. Bizim üçün heç də asan deyildi. İstədiyimiz formada deyilik. Futbolçularım sona qədər xarakter göstərdilər. Onları təbrik edirəm. Bu gün çox yaxşı “Neftçi”yə qarşı oynayırdıq. Düşünürəm ki, vacib xal qazandıq. Qarşıdakı günlərdə çatışmayan elementləri yaxşılaşdıracağıq.
Lukaya hirsləndim. Bir az sərt danışdım. Belə hallar olur. Azarkeşlər də bəzən nalayiq ifadələr işlədirlər. Futbol düşünülməmiş epizodlar üzərində qurulub. Biz azarkeşlər üçün oynayırıq.
Bəzi düşüncələr meydançada gecikirdi. Hava şəraiti oyuna təsir edirdi. İlk hissə qapıya, hakimə, futbolçulara baxırdım. Fasilədə oyunçulara tapşırıq verməkdə də çətinlik çəkirdim.
Dünəndən Maksim Medvedevin qızdırması oldu. Oyundan qabaq da vəziyyət eyni idi. Bədavi məcburiyyətdən o cinahda oynadı. Oyunun gedişatına görə baxacaqdım.
Hər oyunçunun missiyası fərqlidir. Əsas heyət futbolçuları istəklərimizi rahatlıqla tətbiq edirlər. 1-2 dəyişiklik çox təsir etməsə də, 5-6 dəyişiklik özünü göstərir. Hər bir halda, bütün futbolçular eyni cür ola bilməz. Bu günə qədər yanılmamışam. Lazımi nəticələri əldə etmək üçün oyunçularım əziyyət çəkirlər.
“Neftçi” qol vuranda etiraz etmədim. Sadəcə, oyundankənar vəziyyət olması ilə bağlı fikir bildirdim. Dedilər ki, qaydalar çərçivəsində vurulub. Bəzi oyunlarda rəqib daha hazırlıqlı olur. Cicanın son vuruşları çox yaxşı idi”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin