Qurban Qurbanov: “İstədiyim keyfiyyətləri onda görə bilirəm”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Futbolçularımı təbrik edirəm. Çempionatın hər bir oyunu bizim üçün vacibdir. Düşünürəm ki, futbolçular qalib gəlmək üçün oyun nizam-intizamını qoruyub-saxlamağa çalışdılar. “Qəbələ”yə də uğurlar arzulayıram.
- Bir az qayğılı və əsəbi görünürsüz.
- Hər zamankı vəziyyətimdir. Fərqli nəsə olmayıb.
- Maqaye Qeyenin çıxışı sizi razı salırmı?
- İstədiyim keyfiyyətləri onda görə bilirəm, amma hələ öz formasında deyil. Hər bir futbolçu ilə yaxşı əlaqə qura bilirdi. Ümid edirəm ki, qarşıdakı oyunlarda onu daha yaxşı formada görə bilərik
- Bədavi Hüseynovun və Filip Ozobiçin vəziyyəti nə yerdədir?
- Bədavi həm komandayla, həm də fərdi məşqlərə qatılır, amma tam hazır deyil. O, iki ardıcıl zədə aldı. Düşünürəm ki, millilərin oyunu ilə bağlı yaranacaq fasilədən sonra onu meydanda görə biləcəyik. Ozobiç isə 2 ay olmayacaq. Hazırda Xorvatiyadadır. Onda elə zədədir ki, çox az futbolçuda olur. Əməliyyat olunmaq ehtimalı da vardı. Bir ay sonra yenidən həkiminə müraciət olunacaq, yəqin ki, əməliyyat olunmayacaq.
- Avropa Liqasının qrup mərhələsini düşünsək, ya Bədavinin, ya da Ozobiçin yerinə transfer düşünülürmü?
- Hər zaman demişəm, bizim transferlərimiz qrup mərhələsi ilə bağlı deyil. Sırf bu mərhələni düşünərək, transfer edə bilmərik.
- Qara Qarayevin müdafiənin mərkəzində oynaması məcburiyyətdəndir?
- Tam olaraq məcburiyyət demək olmaz. O, futbola müdafiəçi kimi gəlmişdi. Əvvəllər də bu mövqedə oynayıb.
- İsmayıl İbrahimli necə təsir bağışladı?
- Onun oyunu ilə bağlı müsbət fikirdəyəm. Düşünürəm ki, bizə lazımlı futbolçudur. Çox çalışdı. Amma 2 oyun oynadı deyə, hazır olduğunu düşünmək olmaz. İsmayılın futbol menatliteti bizə uyğundur.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin