Qurban Qurbanov: “Hər iki oyuna görə qələbəyə layiq idik”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Aşdod”a (İsrail) qarşı keçirdikləri cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Öncə futbolçularımı təbrik etmək istəyirəm. Gördüyünüz kimi, oyun gərgin keçdi. Hava şəraiti çox istidir. İndi belə, nəfəs almaq çətindir. Komandamızdakı problemlərə baxmayaraq, istədiyimiz nəticəni qazandıq.
Oyunun gedişində hazır olmadığımız çətinliklərlə üzləşdik. Yenə də futbolçular qalib gəlmək üçün sonadək vuruşdular, əllərindən gələnin artığını etdilər. Həddindən artıq həyəcan var idi. Son vaxtlar zədəlilərin çoxluğu kollektivə təsir edir. Qələbəni kənara qoysaq, futbolçuların xarakteri mənim üçün çox vacib idi. Bəzi gənc oyunçularımız belə oyunları nə qədər tez hiss etsələr, onların inkişafı daha da sürətlənəcək. Düşünürəm ki, hər iki oyuna görə komandamız qələbəyə layiq idi.
Qol imkanlarından yararlanma sarıdan problemlər var. Belə epizodlardan yararlanmaq lazımdır. Xüsusən, bu cür qarşılaşmalarda. Lakin elə epizodlar da oldu ki, sanki qol idi, sadəcə, top qapı xəttindən keçmədi. Amma ümumən, yeni kollektiv formalaşır. Dəfələrlə bildirmişəm ki, hücum xəttinə bir neçə oyunçu götürmək istəyirəm. Bunlar belə oyunlarda və hava şəraitində gərəklidir. Özünüz də gördünüz ki, rəqib meydana 3 oyunçunu birdən buraxdı. Onlar hücum xəttini daha da sürətləndirdi, daha da dəyişikliyə səbəb oldu. Belə qarşılaşmalarda bir neçə əlavə futbolçuya ehtiyac var idi. İstifadə edilməmiş epizodlar bəzən gərginliklə əlaqədar olur. Deməzdim ki, futbolçularımızın ustalıqları yoxdur. Çünki qol epizodlarına girən hücumçular bundan da çətin vəziyyətlərdən fərlqənməyi bacarıblar. İstənilən halda, bəzən gərginlik və həyəcan, saniyələr belə təsir edirdi”.
Bizi Facebook-da izləyin