Qurban Qurbanov: “Heç vaxt bunu özümüzə problem yaratmamışıq”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah bizi yaxşı oyun gözləyir. Çox yaxşı hazırlaşmışıq. Daha ciddi və möhkəm olmalıyıq. İnanıram ki, sabah meydanda yaxşı mübarizə və yaxşı futbol olacaq.
Konfrans Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasına malik olmağımız bir baş məşqçi olaraq mənim üçün çox xoşdur. Amma eyni zamanda bu, bir qədər narahatlıq yaradır. Əlbəttə, bu seriyanı davam etdirmək istəyirik. Amma hər uğurlu seriyanın bir sonu olur. Bu gün ümumiyyətlə bu barədə düşünmürük. Turnirdəki hər oyuna maksimum hazırlaşır, maksimum köklənməyə çalışırıq. İnanıram ki, sabah bu seriyanı yox, oyunun vacibliyini düşünərək meydana çıxacağıq. Deməzdim ki, burada hansısa gizli nəsə var. Amma hər halda bu, xoşdur. Məğlubiyyətsizlik seriyasını davam etdirə biliriksə, deməli, daha ciddi hazırlaşmışıq. Bütün fikrimiz və diqqətimiz sabah meydanda ən yaxşısını etməkdir. Oyunçuları meydana ən yaxşı formada çıxarmaq niyyətindəyik.
Təbiətdə pis hava olmur. Futbolçulara da həmişə demişəm ki, biz çətinliklərə dözməli və həmişə daha güclü olmalıyıq. Bəzən belə çətinliklər bizə əlavə motivasiya verir. Soyuq havanı gözləyirik. Amma hər halda səfərdə oynamağımıza baxmayaraq, hər iki komanda üçün eyni şərait olacaq”.
Qurbanov hazırda 7 xala malik “Qarabağ”ın qrupdan çıxma şanslarını da dəyərləndirib:
“Bu gün onu düşünsək, bizə mane ola bilər. Bizim sabahkı matçla birlikdə qarşıda hələ üç oyunumuz var. Hər matçda qalib gəlmək və yaxşı oynamaq istəyirik. Qarşımıza məqsəd qoymuşuq ki, istənilən rəqibə qarşı yaxşı mübarizə aparaq. Bu gün futbolda mübarizə həddindən artıq çox önəmlidir. Biz bunu bacarsaq, inanıram ki, oyunumuz daha da yaxşılaşacaq. Belə olacağı halda, nəticə daha çox bizim düşündüyümüz kimi olacaq. Sabahkı qarşılaşmada qrupdan çıxma şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək”.
Baş məşqçinin fikrincə, avrokuboklardakı 8-ci cəhddə qrupdan çıxma şanslarının yaranması komanda üzərində hansısa təzyiq yarada bilər:
“Amma böyük təcrübəyə malik olduğumuzu düşünürəm. Qrupdan çıxmadığımız dönəmlərdə də böyük şanslarımız olduğu halda bəzi çatışmazlıqlar buna mane olub. Ancaq heç vaxt ruhdan düşmürük. Bunu özümüzə problem yaratmamışıq. Başa düşürük ki, bu, idmandır və idmanda belə şeylər olur. Əvvəlki illər haqqında heç nə düşünmürük. Sabahkı qarşılaşmaya köklənmişik”.
Qurbanov “Kayrat” barədə də fikirlərini bölüşüb:
“Rəqibimizin çox yaxşı və təcrübəli baş məşqçisi var. Komanda kollektiv oyuna üstünlük verir, həddindən artıq çox intizamlı müdafiə olunur. Əks-hücumlarda isə çox təhlükəlidirlər. Futbolçular bir-birlərini yaxşı anlayırlar, topla və topsuz nə etdiklərini bilirlər. İntizamlı olan komanda həmişə təhlükəlidir. Bunlara qarşı sonadək diqqətli olmalıyıq. Bakıdakı oyunun əvvəlində də bildirmişdim ki, “Kayrat”a qalib gəlmək istəyiriksə, daha ciddi olmalı və yaxşı oynamalıyıq. Çünki rəqib sabah qalib gəlmək üçün bəlkə də, ən yaxşı oyununu göstərəcək. Həqiqətən, bu komandaya, baş məşqçiyə və oyun üslublarına hörmətlə yanaşıram”.
Bizi Facebook-da izləyin