Qurban Qurbanov: “Hakim qərarları nəticəyə təsir etdi”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1-1 bitən matçdan sonra bunları söyləyib:

  • İstəyimiz çox idi. Təəssüf ki, qələbə qazana bilmədik. Qalib gəlməyimizə az qalmışdı. Bu mövsüm 14 oyunun hamısına toxunmaq istəyirəm. Bütün futbolçularıma təşəkkür edirəm. Oyunlarımızın hamısında yaxşı mübarizə, inam gördüm. Azərbaycanda futbola maraq olan, oyunların hər gün, hər saniyə gözləndiyi bir il oldu. Restoranlarda böyük monitorlarda oyunlarımıza baxıldığını eşidirdik. Ümumi bir futbol ili oldu. Bütün azərbaycanlılara təşəkkür edirəm. Başda mən olmaqla hər birimiz xalqımızı düşündük. Çalışdıq ki, onları sevindirək, yaxşı oyun göstərək. Nə qədər alınıb-alınmadığını deyə bilmərəm. Mən komandamdan çox razı qaldım. Qarşıda istirahət üçün vaxıtmız da yoxdur. 2-3 gündən bir oynamalıyıq. Futbolçular çox yorğundurlar. Bu il futbolun dadını tam hiss etdik. Qarşıdakı illər üçün böyük təcrübə qazandıq. Ümumən, Azərbaycan futbolu üçün. Futbolçulara təşəkkür edirəm.
  • Bu gün xeyli əsəbi göründüz. Hakimliklə bağlı nə deyə bilərsiz? Onların nəticəyə nə qədər təsiri oldu?
  • Çox qaranlıq bir epizod idi. Həmin anda ofsayd bəlkə də var idi. Penalti epizodunda isə ayağına vurmuşdu. Ofsaydı göstərmirlər, xətt çəkilmir. Penalti epizoduna da baxılmadı. Bilmirəm, hakimlər barədə danışmağın faydası var, ya yox. İndi VAR sistemi daha ön plandadır. Nə istəyirlər, edirlər. Bəlkə, özlərinə sərf etdikləri kimi qərarlar qəbul olunur. Bütün oyunlarda xətt qoyulursa, burada da göstərilməlidir. Hamıya eyni gözlə baxılmalıdır. Nəticəyə nə qədər təsir etdiyini deyə bilmərəm. Qol sayılsaydı, komanda daha istəkli olardı. Bəlkə, qırmızı vərəqə də almazdıq. Bu hallar da futbolun sevilən tərəflərindəndir. 10 nəfərlə qol vurmaq, mübarizə və s. Çox danışmaq olar. Nə qədər təsir etdiyini bilmirəm. Görünən odur ki, etdi. Daha yaxşı nəticə ola bilərdi.
  • İctimaiyyətdə belə fikirlər var ki, Konfrans Liqası perspektiv baxımından Avropa Liqasından daha yaxşıdır…
  • Biz istəmişik ki, şansımızdan istifadə edək. Çempionlar Liqasının qrupunu istəyirdik. Avropa Liqasında davam etməyi düşünürdük. Bunun üçün mübarizə apardıq, il boyu çalışdıq. İstənilən rəqibə qarşı yaxşı oyun göstərmək istəyirdik. Əminəm ki, bunu bacardıq. Nəticə belə oldu. Düzgün, vicdanla işləmək borcumuzdur. Bunu edirik. Nəticə bu oldusa, razılaşmalıyıq. Gələn il də avrokubok həyəcanı yaşayacağıq. İstəyimiz 2-ci yeri tutmaq, Avropa Liqasında davam etmək idi. Alınmadı. Bunun üçün meydanda maksimum gücümüzü qoyduq. Çox da təəssüflənmirəm. Heç bir rəqibə əzilmədik, aciz qalmadıq. Əksinə onların üzərinə getməyə çalışdıq. Elə oyunlar oldu ki, böyük risklər etdik. Böyük hesablı məğlubiyyətləri də gözə alırdıq. Hər şey heç də pis getmədi. Futbolçularımız çəkinmədi. İnanıram ki, bunun əvəzi nə vaxtsa veriləcək. Qarşıda görəcəyik.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button