Qurban Qurbanov fasiləyə görə narahatdı: “Əlimizdə 5-6 gənc futbolçu qalır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri matçı şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. Bir az gərginlik, bir az yorğunluq var idi. Hər bir futbolçudan razı qaldım. Komanda get-gedə daha inamlı və güclü oynamağa başlayırdı. İndi fasilə olacaq. Ola bilər ki, futbolçular bu fasilədə əvvəlki formalarından uzaqlaşsın. Əlimizdə olan 5-6 futbolçu ilə 15 günü keçirəcəyik.
  • Medinanın bu gün ehtiyatda qalması nə ilə bağlı idi?
  • Nüanslar çox idi. Ola bilərdi ki, uzun müddətdən sonra oyuna çıxması çətin olsun. Digər tərəfdən, digər futbolçular da özünü yaxşı tərəfdən göstərir.
  • Dino Ndlovunun qayıdışı nə dərəcə mümkündür?
  • Dinonu hamımız çox istəyirik. Komandamızın bir parçası olub. Uğurlarımızda onun da əməyi olub. Hazırda onun qayıdışı ilə bağlı məsələ yoxdur. Yanvarda qısa danışıq olmuşdu. Bizə təklif etmişdilər və sonra söhbət olaraq da qaldı. Əlavə heç nə olmayıb.
  • Milli komandanın son oyunlarında Rahil Məmmədovla Maksim Medvedev səfərdən qayıda bilməmişdi virusa görə…
  • Hər zaman millidən sonra futbolçularımın fiziki yox, psixoloji vəziyyətindən narahat olmuşam. Son oyunlarda optimal heyətimiz yaranıb, qələbələri sıralayırıq. İndi fasilə olacaq və 11-12 futbolçumuz millilərə çağırılacaq. Patrik Andradeni də ölkəsinin millisinə dəvət ediblər. Əlimizdə 5-6 gənc futbolçu qalır. Sonra yenidən komandanı bərpa etmək narahatlıq yaradır məndə. Çox gərgin çempionat gedir. Milli komanda hamımızındır. Həm sevinirik ki, bu qədər futbolçumuz milliyə gedir. Neçə gündü düşünürəm ki, yığdığımız bu formanı fasilədən sonra necə geri qaytaracağıq.
  • Keysuke Hondanın “Neftçi”yə keçidi ilə bağlı nə deyə bilərsiz?
  • Böyük adların bizim futbola gəlməsi heç də pis nəticə verməz. İstər məşqçi, istər futbolçu olsun. Azarkeşlərin belə adlar, simalar görəndə futbola maraqları artır. Hər zaman belə şeyin tərəfdarı olmuşam. Azarkeşli olsaydı, daha maraqlı olardı. Hondanın “Neftçi”yə gəlməsi onu göstərir ki, çox iddialıdırlar. Belə futbolçuların çempionatda olması hər kəsə stimul verir. Bəlkə də, bu, hələ başlanğıcdır. Uğurlar arzulayıram.
  • Əsasnamədə var ki, klublar sona 3 tur qalana qədər azad agent futbolçular transfer edə bilər. Siz nə üçün bu variantdan istifadə etmirsiz?
  • Boşda olan futbolçu transfer pəncərəsi dövründə yeni komandaya keçə bilər. Elə oyunçular ola bilər ki, 3-4 aydır boşdadır. Onların transferi böyük risk də ola bilər. Bizim hazırda belə bir düşüncəmiz yoxdur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button