Qurban Qurbanov: “Dəyişiklik olsa da, olmasa da, ciddi hazırlaşacağıq”
Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Neftçi”ylə 0:0 hesablı bərabərliyə razılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, mütəxəssis bunları deyib:
- Çətin və mübarizəli oyun oldu. Vacib qarşılaşma idi. Rəqib də çox istəkli görünürdü. Futbolçularımdan razı qaldım, sona kimi mübarizə apardılar. Çoxdandı belə oyun olmurdu. Bu, komandamız üçün çox faydalı olacaq.
- İkinci hissədə üstünlük “Neftçi”də idi. Bu, ehtiyatlı oynamaq tapşırığınızla bağlı idi, yoxsa komandada yorğunluq oldu?
- Ehtiyat məsələsi deyildi. Son 10 gündə 3-cü oyunumuzdu. Bəzi futbolçularda yorğunluq var idi. “Neftçi”ni də nəzərə almalıyıq. Çox istəkli idilər, xal fərqini azaltmaq istəyirdilər. İki fərqli hissə oldu. Fasilədən sonra yorulduq və texniki səhvlər çoxaldı. Yorğunluq olanda hissiyat da zəifləyir. “Neftçi”nin sürətli, texnikalı futbolçuları var. İstənilən halda, komandadan razı qaldım.
- Xayme Romeronun zədəsi nə yerdədi?
- Demək olar ki, düzəlib. Komanda ilə cəmi iki məşq edib. Bu da tam aktiv olmayıb. Sabahdan tam məşqlərə başlayacaq. APOEL-lə oyuna kimi hazır olacaq. 18-liyə daxil edəcəyik.
- Mahir Emreli də son dəqiqələrdə zədələndi. Onun vəziyyəti necədi?
- Mahirdə ola bilər ki, zədə ciddidi. Əzələ zədəsidi. Sabah tam bilinəcək.
- APOEL-də yenidən baş məşqçi dəyişikliyi ola bilər…
- Bu barədə qəti düşünmürük. Bizim üçün vacib olan öz oyunumuzdu. Futbolçuları tam hazır vəziyyətə gətirməliyik. Ağır qrafikdəyik. Dəyişiklik olsa da, olmasa da, ciddi hazırlaşacağıq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin