Qurban Qurbanov cəbhədə baş verənlərdən danışdı
“Cəbhədən gələn xəbərlər bir tərəfdən sevindiricidir, digər tərəfdən isə üzülürük”.
Komanda.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin Polşa “Legiya”sı ilə səfər oyunu öncəsi Heydər Əliyev aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 48 yaşlı mütəxəssis vurğulayıb ki, Ermənistan sülh danışıqlarında iştirakdan imtina etdiyi üçün vəziyyət bu həddə çatıb:
“Çox istərdik ki, torpaqlarımız sülh yolu ilə geri qayıtsın. Əfsuslar olsun, düşmən tərəf bunu başa düşmədi və sonda Ali Baş Komandan belə qərar verdi. Başqa çıxış yolu qoymadılar. Şükürlər olsun ki, ordumuz uğurla irəliləyir. Bəlkə də torpaqlarımızın çox hissəsi alınıb. İnanıram ki, qısa zamanda hamısını işğaldan azad edəcəyik”.
Təcrübəli baş məşqçi insan itkilərinə görə üzüldüyünü vurğulayıb: “Amma müharibə bunsuz mümkün deyil. Belə şeyləri hamımız göz qabağına gətirməliyik. Hamımız onların yanında olmağı çox istərdik. Ruhən onlarla birlikdəyik. Allah əsgərlərimizi qorusun. Torpaqlarımız tezliklə işğaldan azad olunsun”.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək “Legiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bizi Facebook-da izləyin