Qurban Qurbanov: “Fərqi tam gördük”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Avropa Liqasının qrup mərhələsinin “Sevilya” ilə ilk oyunundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Qurbanov 0:3 hesabıyla məğlub olduqları oyunla bağlı bunları deyib:
- İstəməzdik məğlub olaq. Belə rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir. Çox inamlı komandadır, topla çox sürətli davranırlar. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Son vaxtlar 4-5 qollu oyunlar çox olur. Rəqibi təbrik edirəm, həm yaxşı oyuna, həm də qələbəyə görə. Azarkeşlərimizə də təşəkkür edirəm.
- İlk turdan sonra alınan nəticələr qrupdakı mübarizə ilə bağlı fikrinizi dəyişdimi?
- Mütləq dəyişdi. Bundan sonra daha ciddi olmalıyıq. Bütün komanda olaraq qrupdakı hər oyuna bugünkündən daha ciddi hazırlaşmalıyıq.
- “Qarabağ”la “Sevilya” arasında olan fərq oyunda hiss olundumu?
- Əlavə şərhə ehtiyac yoxdur. Əlbəttə, hiss olundu. La Liqa ən çox izlədiyim çempionatdır. Bu gün Azərbaycan Premyer Liqasıyla İspaniya La Liqası arasındakı fərqi tam gördük. İlk qola kimi ciddi mübarizə apardıq. Sonra daha önə çıxmaq istədik, ancaq bundan rahatlıqla istifadə etdilər.
- Xayme Romeronun əvəzlənməsi nə ilə bağlı idi?
- Xayme son günlər xəstə idi. 1-2 kilo da çəki itirmişdi. Bu oyunda da onunla çox risk etmədim. Oyun tam açıldı, sürət çox lazım olurdu. Tempi saxlamaq üçün onu Dani Kintana ilə əvəzlədim.
- Bu gün Araz Abdullayevi hücuma salarkən, düşündüzmü ki, hücumda alternativiniz azdır?
- Bizim əsas hücumçumuz Mahir Emrelidir. Bu gün yox idi deyə, çalışdıq əlimizdəkilərdən istifadə edək.
- Miçelin oyunundan razı qaldızmı?
- Bütün futbolçularımızdan razı qaldım.
- “Zirə” ilə oyunda hansısa dəyişiklik edəcəksizmi?
- Ola bilsin ki, bəzi dəyişikliklər olsun. Futbolçuların bəzilərinə istirahət verməyi düşünürəm.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin