Qurban Qurbanov – 500!
Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının 18-ci turuna təsadüf edib.
Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər.
O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Qurbanovun kollektivləri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.
Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.
Qurbanovun debütü 2006/2007 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.
Bizi Facebook-da izləyin