Qurban Qurbanov: “Ədalətli nəticə heç-heçə idi”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oynayır. Onun idman prinsipləri futbolçu kimi necədirsə, məşqçi kimi də elədir. Özü hər zaman oyunçu olanda cavanları məşqdə özü üçün seçirdi. Bu gün futbolçular əziyyət çəkdilər. Rəşad məşqçi olandan sonra çempionatda aqressiya çoxalıb. Onun futbolçu kimi böyük faydası olub, düşünürəm ki, məşqçi kimi də elə olacaq”.
O, heç-heçəni daha ədalətli nəticə saydığını bildirib: “Bizim üçün də əsəbi oyun idi. Abdullah Zubir kimi oyunçu sarı vərəqə aldı. Tələbim o idi ki, hamı səbrli olsun. Oyunun gedişatında nəticəni düşünmürdüm, qarşılaşmadan həzz alırdım. Mübarizə, sürətli hücum, maraqlı oyun alındı. Bəlkə də ədalətli nəticə heç-heçə idi. Bu matç hamı üçün böyük təcrübə olacaq. Matçın gedişatı elə idi ki, “Zirə” 4:0 hesabı ilə də qələbə qazana bilərdi. Uduzan komanda irəli atılanda boşluqlar olur. İnam isə həmişə var. Daim qələbəyə ümid olur. 2:0-dan oyunu çevirmək asan deyil. Qırmızı vərəqə də oyuna təsir etdi”.
Qurbanov qış fasiləsi müddətində heyətdə dəyişikliklərin gözlənilmədiyini də diqqətə çatdırıb: “Kiminsə gedəcəyi inandırıcı görünmür. Gələnlər isə sual altındadır, futbolçu tapmaq asan deyil. Axtarışdayıq, amma hələ ki, heç nə yoxdur. Futbolçular da istirahətə yollanacaq. Ümid edirəm ki, pandemiya bitsin, belə oyunlarda azarkeşlər olsun. Bütün komandalardakı baş məşqçilər rəqabəti sevirlər. Hər birinə uğurlar arzulayıram”
Baş məşqçi “Qarabağ”ın sabit oyun sərgiləyə bilməməsinin səbəblərindən də danışıb: “Dekabra kimi bizim üçün heç də asan keçmir. 3 gündən bir oyunlarımız olub və böyük hesabla qalib gəlmişik. Zədəli oyunçuların olması məni narahat edirdi. Çempion olmaq heç vaxt asan olmayıb. Bəlkə də bu mövsüm qalib son turda bilinəcək. Pandemiyaya görə dünya futbolunda da böyük dəyişikliklər var. Böyük klublar da istədiyi oyunu göstərə bilmir. Futbolçu xəstələnir və formasından uzaq qalır”.
Təcrübəli mütəxəssis koronavirusa yoluxması səbəbindən Ağdam səfərindən kənarda qaldığını xatırladıb. O, xəstəlik dövrünün çətin keçmədiyini söyləyib: “Eşitdiyiniz simptomlar məndə də var idi. Bir gün iy bilmədim. Ciddi müalicə olundum. Siz də özünüzü qoruyun, həqiqətən ciddi xəstəlikdir. Özüm də çox ciddiyə almırdım. Xəstəlik gələndən sonra ürəkli oğlan ehtiyatlanırdı (gülür). Ağdama getməyi çox istəyirdim. Futbolçular istirahət etmədi, İstanbuldakı Avropa Liqasının oyunundan qayıdandan sonra Ağdama getdilər. Mən də getməyi çox istəyirdim. Amma test müsbət oldu. Mən indi də getməyi çox istəyirəm. İşğaldan azad olunmuş əraziləri hamımız görmək istəyirik. İmkanım olan kimi Şuşaya gedəcəyəm”.
Bizi Facebook-da izləyin