“Qorxaq və xaraktersiz De Byazinin özüdür” – REAKSİYA
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib. O, müsahibəsində Azərbaycan millisinin futbolçularını qorxaq və xaraktersiz adlandırıb.
Komanda.az italiyalı məşqçinin açıqlaması ilə bağlı bir neçə idman yazarının fikirlərini öyrənib:
İxtiyar Əsgərov (“matç.az”)
“Byazi ilə hardasa razılaşmaq olar. Fikrimcə, Byazinin sözləri bütün komandaya yox, 5-6 futbolçuya ünvanlanıb. Xaraktersiz sözünü bəzi yerli, qorxaq sözünü isə özünü zədədən qoruyan milliləşdirilən futbolçular haqda söyləyib. Ola bilsin yanılıram. Milli komanda, klublarla səfərlərdə çox olmuşam. Dəfələrlə şahidi olmuşam, böyük hesablı məğlubiyyətlərdən sonra əksər yerli futbolçular heç nə olmamış kimi davranıblar. Sanki meydanda biabır olan bunlar deyil. Xarizması, xarakteri olan futbolçu rüsvay olduğu oyundan sonra dişlərini ağartmaz. Yəqin ki, Byazi də nəsə görüb. Amma bu sözləri bütün komanda haqda işlətdiyinə inanmıram. Çünki millidə həmişə mərd və xarakterli simalar olub”.
Kənan Məstəliyev (“rekord.az”)
“Qorxaq və xaraktersiz De Byazinin özüdür. Belə cəsarətli, belə düzgünlük tərəfdarıdırsa, niyə hələ də bu komandada baş məşqçidir? Niyə istefa vermir? Qorxaqların baş məşqçisi baş qorxaqdır. Azərbaycan millisi xarakter də göstərə bilir, oyun da. Sadəcə normal məşqçi lazımdır bunu təmin etsin. Canni müəllim Robert Prosineçkinin, Qurban Qurbanovun yığmalarının oyunlarının videolarını qarşısına qoyub izləsin. Onda hər şeyi görəcək. Bu adam bu gün istefaya göndərilməlidir. AFFA bunu etməyəcəksə, bundan sonrakı uğursuzluqlarda birbaşa məsuliyyət daşıyacaq. Nəzərə alsınlar”.
Natiq Muxtarlı (“Kaspi” qəzeti)
“De Byazinin açıqlamasında təəccüblü heç nə yoxdur. Azərbaycanda milyonlar qazanan, amma işinin öhdəsindən gələ bilməyən bir adam başqa nə deməli idi? Azərbaycanlı futbolçuları istedadsız olmaqda, futbol vərdişlərini pis mənimsəməkdə ittiham etmək olar, amma xaraktersizlikdə yox. Söhbət azərbaycanlı futbolçulardan gedir ha, AFFA-nın milliləşdirdiyi əcnəbilərdən yox. Onları azərbaycanlı hesab etmək olmaz. O futbolçular qorxaq və xaraktersizdirlərsə, bunun da günahı AFFA-dadır, bu bir. İkincisi, azərbaycanlı futbolçular qorxaq deyil, De Byazinin sistemi qorxaq futbolun göstəricisidir. Bütün dünya italyan futbol fəlsəfəsini “qorxaq oyun” kimi xarakterizə edir. De Byazi də eynilə həmin oyun sistemindən yararlanır. Təsəvvür edin, adam 5 müdafiəçi və ya 5 dayaq yarımmüdafiəçisi ilə meydana komanda buraxır. Bu komanda meydana çıxmazdan əvvəl qorxmuş halda olur. Onu qorxaq edən isə De Byazinin sistemidir. Burda futbolçunun xarakterinə bağlı heç nə yoxdur.
Amma bütün hallarda, onun açıqlaması təhqiramizdir. Azərbaycanlının qorxaq, xaraktersiz olmadığını De Byazi 44 günlük Vətən müharibəsi zamanı görməli idi axı. Adam bu açıqlama ilə azərbaycanlıları təhqir edib. Bu təhqirin cavabını isə onu yedirdən, ölkənin sərvətini ona verən AFFA rəhbərliyi verməlidir. Amma özlərini azərbaycanlı saymayan o əbləhlərin həddini aşan italyana cavab verəcəyini də güman etmirəm. Onlar özlərini azərbaycanlı saymırlarsa, bu təhqiri də özlərinə aid hesab etmirlər. Yaxşısı budur ki, AFFA rəhbərliyinin fəaliyyətinin xalqımızı necə təhqir etdiyini yuxarılar görsünlər. Görsünlər və həm də tədbir görsünlər. Yoxsa, hələ çox təhqirlər eşitməli olacağıq”.
Mehri Qurban
Bizi Facebook-da izləyin