“Qol zamanında gəldi” – Rəşad Sadıqov
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Partizani”yə qarşı keçirdikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, təcrübəli müdafiəçi 2:0 hesabıyla qalib gəldikləri matla bağlı öncə bunları söyləyib:
- İlk oyunun 0:0 hesabı ilə bitməsindən sonra belə bir ssenari gözləyirdik. Xatırlamıram ki, 1-ci mərhələdə hansısa oyunumuz belə maraqlı, rəngarəng alınsın. İkinci hissədə məcbur idik ki, bir az sürəti artıraq. Çünki rəqib yaxşı müdafiə olunurdu. Çox şükürlər olsun ki, fasilədən sonra oyunumuz alındı, qollar vurduq.
- Vaxt keçdikcə qol vura bilmədiyiniz üçün həyəcan da artırdı…
- İkinci hissənin əvvəlində qol zamanında gəldi. Gec vursaydıq, bəlkə də həyəcan artardı. Qurban müəllim fasilədə dedi ki, tələsməyin, həyəcanlanmayın, 90-cı dəqiqədə də qol vura bilərik, əlavə vaxtda da, oyununuzu oynayın.
- Görünür, yeni transferlər komandaya tez uyğunlaşır…
- Bu, bizi sevindirir. Vaxt keçdikcə daha yaxşı uyğunlaşacaqlar. Ola bilsin ki, bu gün oyunları yaxşı alındı, ancaq sabah bu, baş verməz. Müəyyən vaxt lazımdı.
- Vaqner Da Silva ikinci hissədə vacib qurtarış etdi…
- Bizim də qaçırdığımız çox şans oldu. Onların bir real şansı oldusa, biz 4-5 100 faizli fürsətdən yararlana bilmədik. Futboldu, mütləq belə an olur. Biz də həmin anı gözləyirdik, qol olsaydı, səhv etmirəmsə, qarşıda 10-15 dəqiqəlik vaxtımız var idi. Buna da hətta hazırlaşmışdıq. Çox şeyə hazırlaşırsan, ancaq meydanda alınıb-alınmayacağını bilmirsən.
- 2-ci mərhələdə İrlandiyanın “Dandolk” klubu ilə qarşılaşacaqsınız…
- Paltardəyişmə otağında penaltilər seriyasına baxdıq. “Dandolk” qalib gəldi və ilk dəfə İrlandiya çempionu ilə qarşılaşacağıq. Bizi uzun yol gözləyir. Səhv etmirəmsə, süni örtükdə oynayırlar. Bizi ağır oyunlar gözləyir. Əlimizdən gələni etməliyik ki, bizim üçün yaxşı olsun.
- Penaltilər seriyasını izləyəndə hansı rəqibi arzu edirdin?
- Mən heç vaxt rəqib istəmirəm. Həmişə Allaha buraxıram, hansı məsləhətdisə, o olsun.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin