“Oyun Bakıda olsaydı, “Qarabağ” aşkar favorit olardı, amma…” – Jezniçak
“Qarabağ”ın sabiq futbolçusu Yakub Jezniçak Polşa mətbuatına müsahibə verib.
Komanda.az “przegladsportowy.pl” saytına istinadən xəbər verir ki, hazırda “Visla”da (Plotsk) çıxış edən polşalı müdafiəçi, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” – “Qarabağ” matçından da danışıb:
“Qarabağ”ın UEFA əmsalı daha çoxdur. Azərbaycanlılar son illərdə avrokuboklarda uğurlu çıxış edirlər. Bu komandada olmaqdan məmnun idim. Heyətin əksəriyyəti Azərbaycandan olan futbolçulardır və onlar da avrokuboklarda çıxış edib. “Qarabağ”ın oyunçuları “Legiya”nın futbolçularından daha təcrübəlidirlər. Yerli futbolçuların yanında güclü legionerlər də var.
Donald Gerye pasport problemi yaşadığı üçün bura gəlməyəcək. Düşünürəm ki, indiki legionerlər mən birgə oynadıqlarımdan bir az zəifdirlər. Amma bu, tamamilə zəif olduqlarını ifadə etmir. Bu, “Legiya” üçün bir fürsət ola bilər. Qarşılaşmanın Polşada olması da varşavalılar üçün üstünlükdür. Oyun Bakıda olsaydı, “Qarabağ” aşkar favorit olardı, amma indi şanslar bərabərdir.
“Qarabağ” indi yaxşı vəziyyətdə deyil. “Neftçi”yə məğlub oldular, son oyunda da əlavə vaxtlarda vurduqları qolla meydandan bir xalla ayrıldılar. Baş məşqçi Qurban Qurbanov nəticədən və komandadan razı qalmamışdı. Açığı, buraxılan qol sayına təəccüblənirəm. Çünki hər zaman “Qarabağ”ın yaxşı müdafiəçiləri olurdu, amma indi son iki oyunda üç qol buraxıblar”.
Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib.
Sabah keçiriləcək “Legiya” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq.
Bizi Facebook-da izləyin