“Açığı, “Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim” – Müsahibə
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Dağıstan mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, “md-gazeta.ru” saytına danışan Bədavi, Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki Portuqaliya ilə matçı (0:1) və “Qarabağ” karyerası haqda danışıb:
- Azərbaycan yığmasının heyətində Portuqaliyaya qarşı keçirilən matçda Kriştiano Ronaldonu saxladığınızı deyirlər.
- Bu adam özünü futbola həsr edib. Ondan öyrənəcəyimiz çox şey var. Ronaldonun istəyi və əzmi aşağı reytinqli komandalara qarşı oyunlarda da özünü dərhal göstərir. Qol vurmağa çalışır və komandaya qələbə gətirir. Onsuz da bacardığı hər şeyi qazanıb, amma meydanda maksimum dərəcədə mübarizə aparır. Bizə qarşı oyunda nəsə yolunda getməyəndə çox əsəbi oldu. Başa düşdük ki, Ronaldoya bir az sərbəstlik versək, fürsətdən istifadə edəcək. Onunla mümkün qədər yaxın oynamağı bacardıq. Qapıçımız Şahruddin Məhəmmədəliyev möhtəşəm oyun göstərdi.
- Bu arada, Şahruddin Məhəmmədəliyev Azərbaycan yığmasının ikinci qapıçısı Mehdi Cənnətovdan fərqli olaraq, dağıstanlı azarkeşlər tərəfindən az tanınır. Şahruddin Azərbaycana necə gəldi?
- Şahruddin həyatının böyük bir hissəsini Moskvada keçirib. Futbol karyerasına da orda başlayıb. Bir dəfə “Anji”nin ikinci komandasına getmişdim. “Anji”dən sonra o, “Şahdağ”a, ordan da “Sumqayıt”a keçdi. Çalışqanlığı sayəsində indi “Qarabağ”ın və Azərbaycan milli komandasının əsas qapıçısıdır.
- Portuqaliya ilə matça qayıdaq. Ronaldoyla mübarizədə bir dəfə qalib ayrılmısız.
- Özümü tərifləməyəcəm və oyunumu dəyərləndirməyəcəm. Hər kəs Ronaldonun necə möhtəşəm olduğunu bilir. Ona qarşı oynamaq karyeramın ən böyük hadisəsi idi. Yaxşı ki, Ronaldo qol vura bilmədi. Bu, bütün futbolçularımızın səyləri nəticəsində oldu.
- Oyundan sonra onunla forma dəyişdirmə istəyin var idi?
- Forma dəyişmək kimi bir adətim yoxdur. Gənc vaxtlarımda bir neçə dəfə olub, ancaq indi yox.
- Azərbaycan yığması İrlandiya və Lüksemburqla eyni qrupdadır. Nəsə qazanmaq şansınız var?
- Hər zaman bir şans var. Ancaq yüksək səviyyədə keçən oyunlarda səhv etməməlisiz. Avropanın ən gənc milli komandalarındanıq. Buna görə hələ inkişaf mərhələsindəyik. Ümid edirəm ki, düz yoldayıq.
- “Qarabağ”la Çempionlar Liqası və Avropa Liqasında çıxış etmisən. Bu turnirdə sənə ən çox çətinlik yaradan futbolçu kim olub?
- Bir çox güclü futbolçuya qarşı oynamaq məcburiyyətində olmuşam. Ağlıma ilk gələn hazırda “Liverpul”da çıxış edən Sadio Manedir. “Tottenhem”dən Harri Keyni deyə bilərəm. Antuan Qrizmann, Edin Dzeko, Villian kimi futbolçuları da qeyd edə bilərəm.
- “Qarabağ” Azərbaycan futbolunun liderlərindədir. Bu komanda ilə 7 dəfə ölkə çempionu olmusan. Xaricdən təkliflərin olub?
- “Qarabağ”da xoşbəxtəm. Bu klubda çoxlu yaxşı şey görmüşəm. Açığı, “Qarabağ”a gələndə böyük turnirlərdə oynayacağımı təsəvvür etmirdim. Baş məşqçimiz Qurban Qurbanovun bunda böyük rolu var. Öz fəlsəfəsini komandaya aşılaya bilib. Hər il qarşımıza maksimum hədəflər qoyuruq. Hələ inkişafdayıq və daha da irəliləmək istəyirik.
- “Qarabağ”la avrokuboklarda ən yadda qalan oyunun hansıdır?
- Azarkeşlərdən soruşsaz, Çempionlar Liqasının “İnter”lə matçını deyər. Qarşılaşma 0:0 olarkən, 90+4-də qol vursaq da, ləğv etdilər. Bundan başqa, “Kopenhagen”lə oyun da ağıla gəlir. Danimarkalıları məğlub edən “Qarabağ” ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi. İnanılmaz idi, Bakıda ilk dəfə Çempionlar Liqasının himni səslənmişdi.
- Bu musiqidən bir çox insanın tükləri biz-biz olur. Və sən də bu anı yaşamısan…
- Musiqidən daha çox azarkeşlərin reaksiyasından tüklərim biz-biz oldu. Onlar bu himni necə coşqulu qarşılamışdılar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin