“Qarabağ”ın 50-ci məğlubiyyəti
“Qarabağ” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb.
Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın 3-cü turunun “Neftçi” ilə matçına təsadüf edib. Ağdamlılar ev oyununda 1:2 uduzub. Bu qarşılaşmayadək öz meydanında keçirdiyi 393 görüşdə 49 dəfə xalsız qalan “Qarabağ” yubiley məğlubiyyətinə üzülüb.
Bununla həm də, Ağdam təmsilçisinin 10 matçdan ibarət məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən il noyabrın 22-də “Sumqayıt”la səfər qarşılaşmasında uduzub – 1:2. Son çempion dekabrın 6-dan sonra ilk dəfə qol buraxıb. Ağdamlılar “Keşlə”ylə (2:2) matçdan sonra ardıcıl 8 “quru oyun” keçirib.
“Qarabağ”ın həm də, evdəki məğlubiyyətsizliyi sona çatıb. “Səbail”lə qarşılaşmadakı texniki nəticəni nəzərə almasaq, ağdamlılar öz meydanındakı ardıcıl 24 matçda uduzmamışdı. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 868 gün öncə – 2018-ci il mayın 6-da “Neftçi”yə 0:1 hesabı ilə yenilib.
Bizi Facebook-da izləyin