“Qarabağ” “Marsel” səddini keçə bilər! – YAZI

“Qarabağ” sabah UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Fransada “Marsel”lə qarşılaşacaq. Yəqin azərbaycanlı azarkeşlərin əksəriyyətinin ağlında “Qarabağ” üçün bura qədər idi” düşüncəsi var. Haqsız da deyillər. Rəqib Fransanın köklü komandalarından biridir. Həmin komanda ki, Liqa 1-də Kilian Mbappeli, Lionel Messili, Neymarlı PSJ-yə qarşı mübarizə aparır. “Qarabağ” isə… Kefinə düşəndə 6 qol vurduğu “Keşlə”yə, “Səbail”ə, “Sumqayıt”a qarşı.

Hə, Ağdam təmsilçisi üçün çətin, çox çətin olacaq. İlk oyunun Fransada olması da bəlkə, Qurban Qurbanovun komandası üçün əlverişli deyil. “Marsel”i Bakıda tanıyıb, daha sonra Fransaya, “Velodrom” stadionuna səfər etmək daha yaxşı olardı. Amma nə etmək olar, püşk atılıb və “Qarabağ” üçün bu mərhələdə ən çətin rəqiblərdən biri düşüb.

Ancaq istənilən halda, bu, futboldur, istənilən komanda istənilən rəqibə qalib gələ bilər. “Qarabağ” bunu dəfələrlə sübut edib. Özü də, “köhlən atlar” 2014-15 mövsümündə Fransanın “Sent Etyen” komandası ilə görüşlərdən üzüağ çıxmağı bacarıb – 0:0, 1:1. Niyə “Marsel”lə oyunlardan da uğurlu nəticə ilə ayrılmaq mümkün olmasın?

Səbr, diqqət, soyuqqanlılıq

“Qarabağ” “Marsel”lə matçda maksimum şəkildə səbrli, diqqətli oynamalı, rəqibin oyunun tempini istədiyi kimi idarə etməsinə imkan verməməlidir. Oyunun sürətli keçməsi fiziki baxımdan daha hazırlıqlı olan Fransa təmsilçisinə sərf edir, nəinki Ağdam komandasına. Topu ayaqda çox saxlamaq, qısa ötürmələrlə meydanboyu hərəkət etmək – “Qarabağ” bu işi yaxşı bacarır və bunu “Velodrom”dakı görüşdə də tətbiq etməyə çalışmalıdır.

Daha bir diqqət edilməli məqam: hücum ağırlığı yüksək olan “Marsel”in bütün həmlələrini meydanın mərkəzində qarşılamaq “Qarabağ”ın qapısının toxunulmazlığı üçün həlledici amillərdən ola bilər.

“Marsel” hücum etməyi sevir

Hazırda Liqa 1-də 2-ci yerdə olan “Marsel” hücum etməyi sevən komandalardandır. Argentinalı baş məşqçi Xorxe Sampaoli adətən oyunlarda 3-2-3-2 taktiki düzülüşünə üstünlük verir ki, bu da komandanın hücumlara daha çox aludə olması deməkdir. Belə demək olarsa, “Marsel”in hücumlarında azı beş futbolçu iştirak edir. Fransızların hücümda yaratdığı taktiki tablo təxminən belədir: 3-1-4-1-1.

Üstəlik, komandada qol vurmağı sevən və bacaran futbolçuların sayı az deyil. Komandanın 10 nömrəsi – Dimitri Payet hücumların qurulmasında əsas fiqurlardan biridir. Ona bu işdə bir cinahdan braziliyalı Gerson, digər cinahdan isə Matteo Genduzi yardım edir. Hücumda isə əsas fiqurlardan biri Sedrik Bakambudur. Liqa 1-in son turunda keçirilən “Metz”lə qarşılaşmada Sampaoli əsas hücumçu kimi məhz Bakambuya start heyətində şans vermişdi. Amma “Marsel”də Arkadiuş Milik kimi hücumçu da var. Polşalı forvard “Metz”lə görüşdə sonradan meydana çıxaraq, komandasına qələbə qazandıran qolu vurmuşdu. Milik rəqibin cərimə meydançasının içərisində həm çox sürətli hərəkət edir, həm də, başla qol vurmağı yaxşı bacarır. “Qarabağ”a qarşı oyunda meydanda olsa, “köhlən atlar”ın müdafiəçiləri onu bir an belə, boş buraxmamalıdır.

“Marsel”in bizə yaxşı tanış olan daha bir “silah”ı var – Cengiz Ündər. Azərbaycanlı azarkeşlər Türkiyə millisinin də üzvü olan vingerin nəyə qadir olduğunu yaxşı bilirlər.

Ya qol vur, ya da…

Təbii ki, “Qarabağ”ı Fransadakı oyunda qane edən nəticə qələbə olar. Amma rəqibin gücünü nəzərə alsaq, çətin ki, Qurban Qurbanov komandasının qarşısına əsas tapşırıq kimi qələbə qazanmağı qoysun. “Köhlən atlar”ın bu oyunda əsas vəzifəsi qol buraxmamaq olacaq. Əvvəldə də qeyd etdiyimiz kimi, bunun üçün səbrli və diqqətli oynamaq başlıca, bəlkə də, yeganə şərtdir. “Qarabağ” maksimum şəkildə çalışmalıdır ki, “Marsel” cütün taleyini “Velodrom”da həll etməsin. “Velodrom” demişkən…

Oyunun keçiriləcəyi “Velodrom” stadionu 67 min azarkeş tutumuna malikdir. Amma Fransa mətbuatının yazdığına görə, “Qarabağ”la matçda stadionun yarıdan çoxu boş olacaq. “Marsel” – “Qarabağ” qarşılaşmasını arenadan təxminən 20 min azarkeş izləyəcək ki, bu da “köhlən atlar” üçün üstünlükdür. “Bu cütün qalibi kim ola bilər” sualına böyük ölçüdə cavab fransalı yox, azarbaycanlı azarkeşlərin gözü önündə – Bakıda tapılmalıdır.

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button