Qara Qarayev: “Bunu Şuşa, Xankəndi alınanda qeyd edəcəyəm”
“Ağır oyuna hazırlaşırıq. Klubumuzun vəzifəsi Qarabağ adını həmişə ucalara daşımaq olub. Bu gün biz də öz cəbhədə mübarizə aparacağıq. Səfər oyununda isə çalışacağıq ki, istədiyimiz nəticəni əldə edək”.
Komanda.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Polşada “Legiya”ya qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.
28 yaşlı yarımmüdafiəçi matça çox yaxşı hazırlaşdıqlarını bildirib. Qarayev kollektivdə motivasiyanın da yüksək olduğunu vurğulayıb: “Qələbə qazanmaq niyyətindəyik. Bəlkə də, qələbəyə ən çox ehtiyac duyduğumuz andır. Bu, indiki durumda bizə çox lazımdır. Rəqib barədə yetərincə məlumatımız var. Yalnız oyun gününü gözləyirik. Allahın izni ilə qələbə qazanmaq və hər kəsə sevinc bəxş etmək istəyirik”.
Təcrübəli oyunçu cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardımçı olmaq istədiklərini bildirib: “Nəinki meydanda, meydandan kənardakı addımlarımız da Ordumuz və əsgərlərimiz üçündür. Hər işimizdə dövlətimizə, Ordumuza faydalı olmaq istəyirik. Düşünürəm ki, bütün futbolçular bu ruhda və əzmdədir. “Legiya” ilə matçda kimin qol vurmasından asılı olmayaraq, bütün niyyətimiz əsgərlərimizin, dövlətimizin və azarkeşlərimizin qəlbini oxşamaqdır”.
Qarayev doğulduğu Kənd Horadizin işğaldan azad olunmasından da danışıb: “Mən bir çox müsahibəmdə kəndimlə bağlı danışmışam. Hətta bir dəfə Albaniyadan gələn jurnalistə demişdim ki, sən məni başa düşə bilmərsən. Mənə sual verdi ki, niyə? Dedim ki, doğulduğum yerə gedə, həmin yerləri ziyarət edə bilmirəm. Mən 28 ildir ki, səfərdə idim. Bakının mənə bu qədər yad olmasını heç vaxt hiss etməmişdim. Artıq paytaxtın mənə yad olduğunu hiss edirəm. Biz şəxsi istəklərimiz üçün bu dövlətdə yaşamırıq. Mənim kəndimin işğaldan azad olunması o demək deyil ki, digər topraqlarla bağlı münasibətimiz sakit olacaq. Mənim torpağım başlayır Şuşadan, Xankəndindən. Bizim ordumuz, dövlətimiz Şuşanı, Xankəndini geri qaytaranda kəndimin azad olunmasını bayram kimi qeyd edəcəyəm. İnanıram ki, bu da gerçəkləşəcək”.
Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq “Legiya” – “Qarabağ” qarşılaşmasına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Bizi Facebook-da izləyin