“Qalib gəlsək də, üzüldüyüm məqamlar da var” – Roberto Bordin
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, paytaxt klubunun italiyalı çalışdırıcısı 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Nəticədən razı qaldım. Qarşımıza qoyduğumuz məqsədə daha da yaxşınlaşdıq. Bu tur çətin keçdi. Rəqibin də imkanları oldu. Bizim də boşa verdiyimiz epizodlar oldu. İkinci hissədə oyunçularım oyunun sürətini daha da artırdı. Rəqibin azlıqda qalmağı da işimizə yaradı. Nəticəyə görə sevinirəm. Amma üzüldüyüm məqamlar da var. Bəzi oyunçularım zədə, bəziləri də cəza səbəbindən növbəti oyunu buraxacaq. Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm.
- İlk hissədə komandanın hücumu alınmırdı. İkinci hissədə də rəqib azlıqda qaldıqdan sonra hesabı açdız. Çempionluğa oynayan komanda ancaq rəqib azlıqda qaldıqdan sonramı qələbə qazanmalıdı?
- İlk hissədəki epizodları gördüzmü? Rəqibin də qol imkanları var idi, bizim də. Həm də sona üç tur qalmış çempionluğa əsas namizəd iki komandadan biriyik. Buna heç də rəqiblərimizin hər oyunda azlıqda qalması nəticəsində nail olmamışıq.
- Çempionluğun son turda həll olunacağı ehtimal olunur. Siz də belə düşünürsüz?
- Bu fikirlə razı deyiləm. Bu gün qələbə qazandıq, bu oyunu unudub, növbəti rəqiblə matça hazırlaşmalıyıq.
- “Qarabağ”ın qarşıda kubok matçının olması sizin xeyrinizə ola bilərmi?
- Öz komandam, öz oyunlarımız barədə düşünürük. “Qarabağ”ın güclü və geniş heyəti var. Dəyişikliklər edə bilərlər.
- Mirabdulla Abbasovun oyununda irəliləyiş varmı?
- İrəliləyiş var. Sona qədər mübarizə apardı. Sadəcə ona üzülürəm ki, bu gün qol vura bilmədi.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin