“Qalatasaray”dan növbəti transfer
Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Fransanın “Olimpik” (Lion) klubunun sağ cinah müdafiəçisi Leo Dubanı transfer edib.
Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Fransadan olan 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Qalatasaray” bu transfer üçün Lion “Olimpik”inə 2.5 milyon avro ödəyəcək. Futbolçu özü isə yeni klubunda ilinə 1.8 milyon avro qazanacaq.
Leo Duba Fransanın “Nant” klubunun yetirməsidir. O, 2018-ci ildən “Olimpik”də forma geyinirdi. Müdafiəçi bu komandada keçirdiyi 4 mövsüm ərzində 129 oyuna çıxıb, 5 qola imza atıb. Fransa yığmasının da üzvü olan futbolçu, millidə 13 oyuna çıxıb.
Yeri gəlmişkən, “Qalatasaray” Portuqaliyanın “Benfika” klubundan 1 illik icarəyə götürdüyü Haris Seferoviç transferinin də detallarını açıqlayıb. İstanbul klubu 1 illik icarə üçün Portuqaliya təmsilçisinə 1 milyon avro ödəyəcək. İsveçrəli futbolçu özü isə yeni klubunda bir mövsüm üçün 2.3 milyon avro qazanacaq. Mövsümün sonunda klub onun transfer hüquqlarını da almaq istəsə, “Benfika”ya əlavə 2.5 milyon avro ödəməli olacaq.
Haris Seferoviç 2017-ci ildən “Benfika”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsüm ərzində 188 matça çıxıb, 74 qol vurub. Təcrübəli hücumçu əvvəllər “Qrasshopper”, “Fiorentina”, “Ksamaks”, “Leççe”, “Novara”, “Real Sosyedad” və “Ayntraxt” kimi klubların da formasını geyinib. İsveçrə yığmasında 86 oyun keçirmiş futbolçu, 25 qol vurub.
“Qalatasaray”ın Fransanın “Nant” klubuna icarəyə göndərdiyi Mustafa Məhəmmədin də transfer detalları müəyyənləşib. Liqa 1 təmsilçisi 1 illik icarə üçün Türkiyə klubuna 250 min avro ödəyəcək. Mövsümün sonunda fransızlar misirli futbolçunun transfer hüquqlarını da almaq istəsələr, 5.7 milyon avro təzminat ödəyəcəklər.
Xatırladaq ki, Mustafa Məhəmməd 2021-ci ildən “Qalatasaray”da çıxış edirdi. Misirin “Zamalek” klubundan icarəyə götürülmüş futbolçu ilyarım bu komandada oynadıqdan sonra onun transfer hüquqları da alınmışdı. “Sarı-qırmızılılar” bu keçidə görə Misir klubuna 4 milyon avro ödəmişdi. Hücumçu İstanbul təmsilçisində bütövlükdə 58 matça çıxıb, 17 qola imza atıb. Misir yığmasında 21 oyuna çıxan futbolçu, 4 qol vurub.
Leo Dubanı “Qalatasaray”a satan Lion “Olimpik”i yarımmüdafiəçisi Maksens Kakre ilə də yeni müqavilə bağlayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 22 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2027-ci ilədək bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2026-cı ilin yayına qədər idi. Klubun öz yetirməsi olan oyunçu, əsas komandada 90 oyun keçirib, 1 qol vurub.
Bizi Facebook-da izləyin