“Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək” – Azərbaycan millisinin kapitanı
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abdulazimova açıqlama verib.
Komanda.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan Abdulazimova, Avropa çempionatında əsas məqsədlərinin qrup mərhələsini keçmək olduğunu deyib:
“Avropa çempionatına hazırlıq davam edir. Mingəçevirdə və Bakıdakı məşqlərimiz geridə qaldı. Qarşıda bizi Avropa çempionatına hazırlığın son mərhələsi gözləyir. Bakıda məşqlərlə bərabər 4 yoxlama oyunu oynadıq.
Hazırlığımız Yunanıstanda davam edir. Qarşıda bizi bir neçə yoxlama oyunu da gözləyir. Avropa çempionatında iştirak edən hər bir komanda kimi bizim də məqsədimiz qələbə qazanmaqdır. Əsas məqsədimiz isə qrup mərhələsini keçməkdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək”.
Voleybol üzrə Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Azərbaycan millisi A qrupunda Serbiya, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları ilə mübarizə aparacaq.
Bizi Facebook-da izləyin