“Qələbəyə inansaq da, bu hesabı gözləmirdim” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lex” komandasına qarşı keçirdikləri cavab oyununu (5:1, ilk oyun 0:1) şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra “CBC Sport”a açıqlamasında bunları söyləyib:
“İlk olaraq bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Mən də bildirmişdim ki, bizim tərəfdarlar onlardan zəif deyil. Bunun da şahidi olduq. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik.
Polşa çempionuna qalib gəldik. Futbolçulara “əhsən” deyirəm. Hesab hamını aldada bilər. Dinamik komandaya qalib gəlmişik. Oyunçularımın hər birinə təşəkkür edirəm. Onlar bu oyuna tam hazır idilər və qələbəyə layiq idilər”.
Qurbanov rəqibi 5 qolla məğlub etmələrinə də toxunub: “Belə hesab gözləmirdim. Həqiqətən güclü rəqibə qarşı oynayırdıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesablı nəticə ola bilər. Azarkeşlər bu nəticəyə layiq idilər. Biz qalib gələcəyimizə inanırdıq”.
Təcrübəli baş məşqçi 2-ci təsnifat mərhələsində üz-üzə gələcəkləri İsveçrə “Sürix”i haqqında bunları söyləyib: “Bugünədək həmin rəqibə baxmamışam. Ancaq “Lex”lə oyunlara köklənmişdik. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Layiqli oyun göstərmək istəyirik”.
Bizi Facebook-da izləyin