“Qəbələ”nin “Sabah”la 22-ci dueli
Sabah Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq.
Komanda.az xəbər verir ki, “Qəbələ” turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” fevralın 1-də “Sabah”la qarşılaşacaq.
Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş iki komanda arasında 22-ci matç olacaq. Bunadək rəqiblər ümumilikdə 21 dəfə görüşüb. Əvvəlki oyunlarda qələbə sayında tarazlıq hökm sürür. Hərəyə 9 dəfə qalib gələn tərəflər 3 dəfə heç-heçə ilə ayrılıb. Rəqib qapısına 24 qol vuran “Qəbələ” futbolçuları 27 top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox – hərəyə 3 qol vurublar.
İndiyədək keçirilən 21 matçdan 17-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 9 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 16-25.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 3 heç-heçəsi olan komanda 3 matçda məğlub olub. Bu oyunlarda 14 qola sevinən “Qəbələ” futbolçuları 15 top buraxıblar.
Xatırladaq ki, fevralın 1-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Sabah” oyununa saat 15:00-da start veriləcək.
Bizi Facebook-da izləyin