“Oyun baxımından futbolçularımdan razı qaldım” – Ayxan Abbasov
“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Stressli oyun gözləyirdik. Elə də oldu. Qələbə qazana bilsəydik, bir pillə irəliləyəcəkdik. Məğlub olsaydıq, rəqibin böyük üstünlüyü olacaqdı. Oyun baxımından futbolçularımdan razı qaldım. Gözləmədiyimiz halda müdafiədə səhv etdik. Rəqib bundan istifadə etdi. Bundan sonra hücumda olduq. Bir neçə epizodda rəqibin qapıçısı yaxşı oynadı. İkinci qolu vurmaq üçün hücumların sonluğu çatmadı. Bundan sonrakı oyunlar da çətin keçəcək. Şansımız var. Futbolçular inamlıdırlar. Qalib gəlmək üçün bu, yetərli olmadı. Bir az da artırmalıyıq.
Zədəli oyunçularımız var idi. Ən çox da orta xətdə çıxış edən futbolçular zədəlidir. Ayxan da, Denis də, Paçu da zədədən qayıdıb. Təəssüf ki, Ayxanın yenə eyni ayağı burxuldu. Hətta əvəzləmək istəyirdim. Dedi ki, oynamaq istəyirəm. Zədələr komandaya təsir edir.
Çempionat maraqlıdır. Məncə, təhlili düz aparmırıq. Bu gün “Qarabağ” tam başqa səviyyədədir. İtaliyada turnir cədvəli necədir? “İnter” 14 xal öndədir. Bu, o demək deyil ki, digər komandalar zəifdir. “Qarabağ” Avropada Portuqaliya, Almaniya klubları ilə başa-baş oynayır. Neyləyək? Oynamayaq? “Qarabağ”ın səviyyəsinə çatmaq üçün klublar çalışmalıdır. Bu il digər klublar bir-biriləri ilə oyunlarda çox xallar itirdi. “Neftçi” ilə “Sabah”ın geri qalması “Qarabağ”ın çempionluğunu 4-5 tur tezləşdirdi”.
Bizi Facebook-da izləyin