“Oynamaq asan deyildi” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə “Linkoln”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis qələbə münasibətilə futbolçularını təbrik edib:
“Rəqib komanda düşündüyümüz kimi oynadı. Meydança amili və hava şəraitini nəzərə alsaq, oynamaq asan deyildi. Bir neçə epizodu çıxmaq şərtilə, 90 dəqiqə ərzində çox diqqətli oynadıq. Sadəcə, 1-2 epizod zamanı bir az diqqətsizlik oldu.
“Linkoln” təcrübəli futbolçulardan qurulmuş kollektivdir. Hər birinin son nöqtəni qoymaq bacarığı var. 23-24 günlük səfərdən sonra komandada psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, özlərini düzgün idarə edib qələbə topunu vura bildilər. Oyunçularımın matça yanaşmasından razı qaldım”.
Komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin