
Otaltı xokkeyin “fatehlər”i: Absurdistan yığması
Vüsal “Aydın” Qəmbərov
Məşhur türkiyəli komediyaçı Şahan Gökbakarın bir səhnəciyində də deyildiyi kimi, “Gün geçiyor ki, ülkede bir gariplik daha yaşanmasın”. Absurdistanı deyirəm. Qəribəliklər və absurdluqlar bitmir ki, bitmir.
İndi də həvəskar, qeyri-ciddi bir idman növü tapıb yapışıblar ondan: Otaltı xokkey. İnanırsız, bu sətirləri yazarkən “otüs” yazdım, sildim, sonra “otaltı”ya düzəltdim. A kişi, belə idman var? Deməli, var imiş. Hətta dünya çempionatı da varmış. Hazırda elə Absurdistanda keçirlir və qardaşı saydığı ölkələrdən biri olan İroniya ilə oynayacaqlar.
Dərd orasıdır ki, həmin İroniya və dünyanın hörmətli bir çox ölkəsi “mırtlaşmaq” üçün iştirak elədiyi bu yarışa Absurdistan əməlli-başlı pul xərcləyir, bütün günü ekranlarda göstərir. Hətta deyirlər keçən dəfə yarımfinaldakı qələbədən sonra jurnalistlər yığışıb gedib pivə içib, “bokal” toqquşdurub. Nəəəm, vallah.
Biz eləmərik, amma Absurdistandır da, insanlar özlərini aldadmağı sevir və aldadılmağı tələb edir.
Hətta deyirlər, bəzi “qaqalar” Otaltı Xokkeyin başbilənlərinin PR gedişlərini görüb Şahsız Şahmat, Stulüstü Tennis və Mini-Basketol oyunlarını canlandırmağı xəyal etməyə başlayıb.

Absurdistan necə olub ki, əslində ən zəiflərdən olduğu otüstü xokkeyin imitasiyasında belə güclüdür? Keçmiş və indiki peşəkar otüstü xokkeyçiləri cəlb ediblər. Burada nə var ki? Peşəkarlar həvəskarlara qarşı. Əsas odur “Ura!” deyən olsun.
Amma onu deməliyəm ki, bunun Azərbaycandakı Mini-Futbol ilə heç əlaqəsi yoxdur. Dünya hələ də bu turnirin əhəmiyyətini dərk etmir bəlkə də, amma Azərbaycan əmin addımlarla çempionluğa gedir. Bunu bəyənməyənlər isə paxıllıqdan, ya da, xalqımızın uğurunu gözü götürməməkdən edir.
Sonda onu deyim ki, baxmamışam oyunlara. Otaltı xokkey necə olur, heç bilmirəm də. Yəqin, hər şeyi otdan xalçanın altına süpürürlər və bu olur qol. Nə deyək ki? Süpürgənizə qüvvət!
Bizi Facebook-da izləyin