“Ordumuza nə qədər minnətdarlığımızı bildirsək də, azdır” – Tahir Gözəl
“Qarabağ”ın prezidenti Tahir Gözəl Şuşanın azad edilməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan prezident, Şuşanın Ermənistanın işğalından azad edilməsi ilə bağlı bunları deyib:
- Tahir bəy, bu gün Azərbaycanda tarixi bir gün oldu, fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik.
- Doğrudan da, bu gün Azərbaycanın müstəqilliyindən bəri qızıl hərflərlə yazılmış ən mənəvi günlərdən biri, hətta birincisi oldu, hər il bu günü böyük bir bayram kimi qeyd edəcəyik. Ali Baş Komandanın böyük səbri, dahiliyi və şücaəti, ordumuzun fədakarlığı və verdiyimiz şəhidlərlə böyük zəhmətlə şanlı qələbəyə imza atıldı. Ordumuza nə qədər minnətdarlığımızı bildirsək də, azdır. 8 noyabr mənəviyyat günüdür. Qələbə günüdür! Mən daim Qarabağ döyüşlərində şəhid və qazi ailələrinə çox baş çəkmişəm. Onların məyusluğu, ürəklərində bir parçanın olmadığını, torpaqlarından çıxdıqlarından bəri vətən içində vətənsizlik yaşadıqlarını görəndə həmişə bir qüssə hissi yaşayırdım. Bu tarixi gün yüz minlərlə insanın ruhunun bədəninə qovuşması kimi onlara həyat verəcək. Demək olar ki, ruh bədənə qovuşdu və bunu çox böyük bir sevinc hissidir.
- Bu qələbəyə çatmağa hansı amillər rol oynadı?
- Amillər çoxdur. Xalqımızın səbri, ali rəhbərliyə olan inamı, iqtisadiyyatımızın sabitliyi, güclülüyü, ordumuzun şücaəti, gətirilən texnologiyalar hansı ki, hərbi hədəfləri dəqiq hesablayaraq sivil əhaliyə zərər vurmadan hərbi obyektləri məhv edir. Lakin ən böyük səbəb – Azərbaycan ölkə rəhbərliyi ilə Ermənistan rəhbərliyi arasındakı fərqdir. Bizim Ali Baş Komandanın möhtəşəm səbri, müdrikliyi, ağırlığı, dahiliyi ilə, xalqın dərdlərini hiss edə-edə və ən düzgün vaxt taparaq bütün dünyanın, qonşu dövlətlərin dəstəyini alaraq torpaqları bizə qaytardı. Bu böyük bir zəfərdir. Hesab edirəm ki, ən böyük fərq iki ölkələrin liderləri arasında fərqdir. Bu bir qələbə mənbəyidir. Əlbəttə ki, verilən fədakarlıqlar, göstərilən şücaət və verilən şəhidlər bu qələbədə xüsusi rol oynadı.
- Artıq torpaqlarımız azad olunur, bundan sonra əsas nələrə diqqət etmək lazımdır?
- Bundan sonra önəmli olan yaraları sarımaqdır, önəmli olan bütün işğal altında olan torpaqlarımızın azadlığı və Qarabağda sülhü bərpa etməkdir, sərhədlərimizi möhkəmləndirməkdir. Biz gərək müsbət əhval-ruhiyyəmizi yalnız 1-2 gün deyil, illərlə qoruyub saxlamalıyıq. İş adamlarımız bu torpaqlara yatırım etməlidir, hər birimizi oralarda işlər görməli, investisiyalar yatırmalıyıq. Ali Baş Komandanımz da dediyi kimi, bir yumruq kimi birik. Bu birliyimizi hər sahədə, göstərməliyik.
Fürsətdən istifadə edib həkimlərimizə təşəkkür edirəm. Onlar da koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda öz həyatları bahasına böyük fədakarlıq göstərib canlar xilas edirlər. Bu gün Azərbaycan tarixinin ən mənəvi günlərindən birini yaşayır. Vətən sevgisi heç kimə nifrət etmək deyil, öz vətəninə, xalqına, balasına kömək etmək deməkdir. İş adamları üçün vətən sevgisi ətrafdakılara, işsizlərə iş vermək, rifahı yüksəltmək, bununla öz dəstəyini göstərməkdir. - Dəyərli düşüncələrinizi bölüşdüyünüz üçün təşəkkürümüzü bildiririk. Sonda, demək istədiyiniz fikirlər varmı?
- Bir daha Azərbaycan xalqını, Türkiyə xalqını, bütün türk dünyasını təbrik edirəm. Tarixi bir hadisə yaşayırıq. Bəzi insanlar öz ata-anasının övladlarıdır, bəziləri isə tarixin övladlarıdır. Tarix onu həyata gətirir, çünki həmin anda belə bir şəxsiyyət lazım olur. İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin bizə bağışladığı ən böyük hədiyyədir. İlham Əliyev Heydər Əliyevin işlərinin davamçısıdır, torpaqlarımızı azad edəndir. Bir daha ümummilli liderimiz Heydər Əliyevi hörmətlə anır, ruhunun qarşısında baş əyirəm və Türkiyəyə mənəvi dəstəyinə görə bir daha təşəkkürümü bildirirəm. Azərbaycan Mədəniyyəti dostluğun, qardaşlığın, qonaqpərvərliyin , ağsaqqalların, etnik və dini toleralizmin yaratdığı birlik və çox tarixi kökü olan dünyanın nadir bir mədəniyyət nümunəsidir. Bir olaq, yumruq olaq, bahəm ölkəmizi abad edək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin