“Onu milliyə çağırmadığım üçün özündən üzr istədim” – De Byazi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Slovakiya yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Əla oyun keçdi. İlk hissə yaxşı alındı və komanda çox xoşuma gəldi. İkinci yarıda əziyyət çəkdik. Yorğunluq, hesabı qorumaq qorxusu var idi. Buna baxmayaraq, qalib gəldik. Hamımız sevinirik, Gənc komandayıq. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır”.
66 yaşlı baş məşqçi nəticədən razı qaldığını söyləyib: “Uşaqlardan nə istəmişdim, hamısını yerinə yetirdilər. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. İnkişaf etməliyik. İntensivliyi gördünüz. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı”.
De Byazi son turda Bakıda Qazaxıstan seçməsinə qarşı keçirəcəkləri görüşə də toxunub: “Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Kimin oynayıb-oynamasına qərar vermək tezdir. Riçard Almeydanın cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta onu bir ara yığmaya çağırmadığım üçün özündən üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır”.
O, final fitindən sonra rəqib baş məşqçi Françesko Kaltsona ilə aralarındakı dialoqu da açıqlayıb: “Kaltsonaya dedim ki, narahat olmasın, millidə işləmək çox çətindir. Yaxşı komandası var. Cəmi 4 oyun keçirib. Baş məşqçi sehrbaz deyil. Qısa müddətdə böyük uğurlar gözləmək olmaz”.
Bizi Facebook-da izləyin