Noyerlə Levandovskidən rekord
Futbol üzrə Almaniya Bundesliqasının 3-cü turunun “Herta” ilə ev oyunu (5:0) “Bayern”in hücumçusu Robert Levandovski və qapıçı Manuel Noyer üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, hər iki futbolçu bu oyunda yeni rekorda imza atıb.
Levandovski öz şəxsi rekordunu yeniləyib. 33 yaşlı hücumçu “Herta” ilə görüşdə het-trikə imza atıb. Bununla da, o, Bundesliqa çərçivəsində ardıcıl 13-cü oyunda qol vurmağa nail olub. Hücumçu bu görüşlərdə 20 qol vurub.
Bundesliqada mütləq rekord isə Herd Müllerə məxsusdur. Bu ilin avqustunda dünyasını dəyişən əfsanəvi hücumçu Almaniya çempionatında ardıcıl 16 matçda qol vurmağı bacarmışdı.
Polşa millisinin forvardı bu görüşdə vurduğu qollar sayəsində “Bayern”də 300 qol səddini keçib. Təcrübəli forvard bu komandanın heyətində keçirdiyi 333 oyunda 301 qol vurub.
Levandovski 2014-cü ildən “Bayern”də oynayır.
Münhen təmsilçisinin qapıçısı Noyer də yeni rekorda imza atıb. Almaniyalı 35 yaşlı qolkiper qapısını toxunulmaz saxlamaqla Bundesliqada qol buraxmadığı oyunların sayını 205-ə çatdırıb. Bununla da, o, “Bayern”in sabiq qapıçısı Oliver Kanın rekordunu (204) qırıb.
Noyer “Bayern”də ümumilikdə 437 oyun keçirib və onlardan 213-də qapısını toxunulmaz saxlayıb.
Bizi Facebook-da izləyin