Ayxan Abbasov “5 sual, 5 cavab”da: “Onlar vaxtında xaricə getməyib deyə, indikilər əziyyət çəkir”
5 sual, 5 cavab
Komanda.az saytında yeni rubrikaya – “5 sual, 5 cavab”a start vermişik.
Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayacağıq. Növbəti qonağımız “Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasovdur:
- Ayxan bəy, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
- Əlbəttə, hər şey Allahın əlindədir. Şükür ki, heç bir şeydən şikayətim yoxdur, hər şey qaydasındadır.
- Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
- Ədaləti təmin etmək istəyərdim.
- Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu və məşqçi karyeranızı tam əks etdirir?
- Əlbəttə, futbolçu karyeranı bitirəndən sonra artıq sənin nələrisə təhlil etməyə vaxtın olur. Düşünürsən ki, bəzi şeyləri edərdim, bəzilərini də yox. Buna baxmayaraq, əvvəl verdiyin qərarlar həmin vaxta aid olub, həmin anda elə düşünmüsən. Mənim üçün futbolçu kimi də, məşqçi kimi də heç vaxt statistika vacib şey olmayıb. Hər şey qismətdir.
- Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
- Yox, açığı, fikirləşməmişəm. Bəlkə də, başqa ölkədə dünyaya gəlsəydim, nə futbolçu olardım, nə də məşqçi. Bunlar asan iş deyil. Başqa yerdə olsaydım, hər şey fərqli olardı yəqin. Azərbaycanda olduğum üçün qürur duyuram. Futbolçu və məşqçilərimizin xaricdə uğur qazana bilməməsi uzun mövzudur. Məncə, vaxtilə yaxşı futbolçularımız xaricə getsəydi, uğur qazanmaq olardı. Azərbaycanın yaxşı futbolçuları olub. Onlar vaxtında xaricə gedib, Avropa bazarında azərbaycanlıları tanıtsaydılar, indi bəlkə də fərqli olardı. Onlar vaxtında xaricə getməyib deyə, indikilər əziyyət çəkir. Baxırsan ki, hər ölkənin 1-2 futbolçusu xarici klublarda oynayır. Heç olmasa, Belçika, Niderland və başqa çempionatlarda çıxış edirlər. Bu, sonradan bu ölkələrin digər futbolçuları üçün üstünlüyə çevrilir.
- Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
- Hazırkı vəziyyətdə bu, çox çətindir. Ancaq ümid edək ki, nə vaxtsa bizim də milli komandamız belə turnirlərdə iştirak edəcək. “Nə lazımdır” deyəndə ki, zəncirvari şeylərdir. Gərək uşaq məktəbləri açılsın, futbolçular yetişib, 7-10 ildən sonra artıq ölkə xaricinə yollansınlar, özlərini göstərsinlər. Orda klublarıyla uğur qazansınlar ki, milli komandaya gələndə də nəsə verə bilsinlər. Buna misal kimi İslandiyanı göstərmək olar. Uzun illər əvvəl hazırlanan planın indi bəhrəsini görürlər. Onlar kimi digər kiçik ölkələri də nümunə göstərmək olar.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin