“Neftçi”nin yeni transferi: “Burada olduğuma görə çox xoşbəxtəm”
“Neftçi”nin yeni transferi Lukas Melano klubun televiziyasına müsahibə verib.
Komanda.az xəbər verir ki, argentinalı futbolçu komandada müsbət ab-hava olduğunu söyləyib:
“Sözün həqiqi mənasında əla kollektivlə rastlaşdım. Çox yaxşı insanlardır. Komandada mükəmməl futbolçular toplanıb. Bunu dərhal hiss etmək olur. Burada olduğuma görə çox xoşbəxtəm. Gözəl nəticələr əldə etmək üçün kollektiv şəklində əzmkar çalışmalıyıq. Stadionda azarkeşlərlə bir-birimizi qısa zamanda tanımağımız üçün səbirsizlənirəm. Ümid edirəm ki, uğurlu mövsüm olar və birlikdə vacib nailiyyətlər qazanarıq.
Hər şey çox tez baş verdi. Mənə zəng edib təklif olduğunu dedilər. Elə də çox vaxt yox idi. Çünki transfer bazarı artıq bağlanmaq üzrə idi. Ailəmlə, sevdiyim xanımla danışdım. Məxsus olduğum klub tərəfindən də danışıq aparmağa razılıq var idi. Bura gəlməyə çox istəkli idim. Danışığın müsbət yekunlaşması məni çox sevindirdi.
Azərbaycan, ölkə çempionatı və klub haqqında məlumatım var idi. Dostum Xorxe Korrea burada oynamışdı. Uşaq yaşlarında Argentinada birlikdə çıxış etmişik. İlk olaraq onunla əlaqə saxladım. Klub, insanlar, şəhər və çempionat haqqında çox yaxşı sözlər dedi. Bu amil qərar verməyimdə çox kömək oldu.
Ən sevdiyim mövqe hücumun sağ cinahıdır. Sol cinahda və sırf hücumçu kimi də oynamağı bacarıram. Bununla bağlı problemim yoxdur. 4-4-2 sxemində yarımmüdafiənin sağ cinahında çıxış edə bilirəm. Məşqlərə davam etməliyəm. Hansı mövqedə oynamağıma baş məşqçi qərar verəcək. Harada oynamağıma baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
Ötən həftə sabiq klubumla oyuna çıxmışam. İstirahət etmək üçün yalnız üç günüm oldu. İlk günümü ailəmlə sağollaşmağa həsr etdim. Növbəti gündə hazırlaşdım. Üçüncü günümü isə təyyarəyə minib buraya gəlməyə sərf etdim”.
Lukas Melano “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.
Bizi Facebook-da izləyin