“Karyeramın ən yaxşı mərhələsini Azərbaycanda keçirmişəm” – “Neftçi”nin sabiq futbolçusu
“Neftçi”nin sabiq futbolçusu Flavinyo Braziliya mətbuatına müsahibə verib.
Komanda.az “futebolnaveia.com.br” saytına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi, Azərbaycandakı günlərindən danışıb:
- Azərbaycana uyğunlaşmağınız necə oldu?
- Azərbaycan özü çox maraqlı idi, daha əvvəl bunu bilmirdim. Çünki bu haqda heç nə eşitməmişdim. Hətta müharibə ölkəsi olduğunu düşünürdüm, qorxurdum. Buna baxmayaraq, tamamilə fərqli oldu, uyğunlaşmağım da rahat idi. İnsanlar mənə çox yaxşı münasibət göstərdi, ölkəni çox bəyəndim. Futbol da inkişaf edirdi, Azərbaycanın arzusu ikinci Dubay olmaq idi. Neftləri olsa da, turizm ölkəsi olmaq istəyirdilər. Mənim üçün ən böyük çətinlik mədəniyyətlə bağlı idi. Avropa ölkəsi olmasına baxmayaraq, insanlar hələ də əcnəbilər üçün çox qapalıdırlar. Klubdakı və birlikdə yaşadığımız insanlar bizə çox yaxşı münasibət göstərirdilər. Ailə kimi idik, lakin alış-verişə, restorana, bazara gedəndə insanlar sənə başqa cür baxırdılar. Sonda, illərim əla keçdi, çox minnətdaram, şikayət edəcəyim heç nə yoxdur. Orada yaşadığım müddətdə öz həyatım üçün dərs götürdüm.
- Azərbaycanda futbol necədir? Braziliya futbolu ilə fərqlər çoxdur?
- Azərbaycan futbolu çox fərqlidir. 4-3-3 taktiki sxemi ilə oynayaraq Avropa standartlarını qorumağa çalışırlar. Texniki cəhətdən zəif, fiziki baxımdan yaxşı və sürətlidir. Çox qol vurulur, driblinqdən, fərdi keçidlərdən, baxımlı hücunlardan az istifadə edirlər. Daha kompakt oyun oynayırlar. Bu da mənə çox kömək oldu, çünki individual oynamağı, driblinq etməyi sevirdim. Orada mənim kimi futbolçular az olduğundan, gedən kimi fərqlənməyə başladım.
- Avropa və Çempionlar Liqasında oynamaq necə idi? Xüsusilə yadınızda qalan xatirələr varmı?
- Avropa Liqasında oynamaq Braziliyanın 4 çempionatında oynamış olmağıma baxmayaraq karyeramın pik nöqtəsi idi. Ən yaddaqalan oyunum İtaliyada “İnter”ə qarşı olub. Heç vaxt yaşamadığım hissləri keçirdim. Azərbaycana gedəndə bilirdim ki, onların avrokubok təqvimi var. Amma Avropa Liqasının qrupunda oynamağı mümkünsüz hesab edirdim. Ancaq “Neftçi” Azərbaycanda Avropa Liqasına gedən ilk klub oldu. Həmin musiqini “San Siro”da eşitmək… Heç şübhəsiz, mənim üçün ən təsirli məqam o stadiona ayaq basmaq olub.
- “Neftçi” ilə üç titul qazandız, bu, necə hiss idi? Bunu futbolda ən yaxşı dövrləriniz olaraq hesab edirsiz?
- 3 dəfə liqanı, 2 dəfə isə ölkə kubokunu qazandım, yəni, 5 titulum var. Karyeramın ən yaxşı mərhələsini Azərbaycanda keçirmişəm. Çünki hər şeyi orada qazandım, burada yox. Orada ilin ən yaxşı oyunçusu, ölkənin ən yaxşı futbolçusu seçilmişəm. Bu mənada Azərbaycan karyeramın ilk 3 ilini ən yaxşı hesab edirəm, 5 titul qazanmağı bacardım.
Flavinyo 2010-2015-ci illər aralığında “Neftçi”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin