“Neftçi” 16000 manat cərimə ödəyəcək – Ayxan Abbasova vurulan zərbəyə görə
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan Premyer Liqasının son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 3-cü turunun “Zirə” – “Sabah” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 3-cü turunun “Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanır, klub 16000 manat cərimə olunur.
“Sumqayıt” klubunun baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikirlər səsləndirdiyinə görə, İntizam Komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında Ayxan Abbasov haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma A buraxılış vəsiqəsi olmayan şəxslər meydançaya daxil olduğu üçün klub 800 manat cərimə olunur.
Bizi Facebook-da izləyin