Naz eləmə, “Neftçi”, naz eləmə
Azərbaycan Premyer Liqasının son turunun oyunları eyni gündə keçiriləcək. Əslində, Premyer Liqada bütün suallara aydınlıq gəldiyindən, son tur tamamilə formal xarakter daşıyır.
Keçməz qardaş, keçməz, “qədeş”
Məsələn, artıq çempionluğu təmin etmiş “Qarabağ” “Neftçi” ilə matça hansı motivasiyada çıxa bilər? Bəs daha bir ili titulsuz başa vuran “neftçilər”i çempionla görüşdə qələbə qazandırmağa nə həvəsləndirər? Bu arada, “Neftçi” “köhlən atlar”la oyunun 8-ci km stadionunda keçirilməməsi üçün xeyli çabaladı. Nəymiş? “Ağ-qaralar” əzəli rəqibin onların stadionunda kubok qaldırmasını, çempionluq sevinci yaşamasını istəmirmiş, qürurlarına toxunurmuş və sair və ilaxır. Sən mövsümün xeyli hissəsində lider ol, son turlarda gəl “Səbail”ə, “Sumqayıt”a uduz, sonra naz elə? Sən çempionluğunu sənin stadionunda qeyd etməsini istəmədiyin “Qarabağ”ın Çempionlar Liqasında əzib keçdiyi “Şerif”in baş məşqçisi olmuş Roberto Bordini “sükan arxasına” gətir, axırda ovcunu yala, sonra etiraz elə? Keçməz, qardaş, keçməz, “qədeş”! Özü yıxılan ağlamaz.
Oyun xatirinə oyun
Bu tur keçiriləcək “Səbail” – “Keşlə”, “Sabah” – “Zirə” matçlarının turnir cədvəli baxımından heç bir əhəmiyyəti yoxdur. “Keşlə” üçün hər şey bitib. Zaur Axundovun komandası bərbad keçirdiyi mövsümün sonunda son pillədə qərarlaşıb və Premyer Liqanı tərk etməlidir. “Səbail” isə artıq Avropa Liqasına vəsiqəni və bürünc medalları təmin edib. Nisbətən “Sabah” – “Zirə” görüşü maraq doğura bilər. O da bu komandaların 5-ci pilləni tutmaq həvəsinə görə.
Bəlkə o suala cavab tapdıq
“Sumqayıt” – “Qəbələ” qarşılaşmasını izləmək üçün isə kiçik də olsa, səbəb var. Məsələ burasındadır ki, bu komandalar Azərbaycan kubokunun final matçına vəsiqə qazanıb. Kuboku qazanan, ölkəmizi Avropa Liqasında təmsil edəcək 3-cü komanda statusuna yiyələnəcək. Məhz kubokun final oyununa görə “Sumqayıt” – “Qəbələ” görüşünü izləməyə dəyər. Premyer Liqanın son turundakı bu oyun hər iki komandanın məşqçilərinə rəqibi bir daha təhlil etmək baxımından faydalı olacaq. Azarkeşlər isə bəlkə də bu oyuna, oyunun nəticəsinə görə “Azərbaycanı avrokuboklarda təmsil edəcək 4-cü klub hansı olmalıdır” sualına cavab tapa biləcəklər.
Zövq ala bildizmi?
Və beləcə, Azərbaycan Premyer Liqasında daha bir mövsümü başa vururuq. “Xəzər Lənkəran”ın, “Kəpəz”in, “Turan Tovuz”un olmadığı, Şəmkirin, Qusarın, Yevlaxın, Naxçıvanın heç bir komanda ilə təmsil olunmadığı mövsümü. 8 komandanın yarışdığı, mövsüm ərzində tribunaların “azarkeş” deyib fəryad etdiyi daha bir mövsümlə vidalaşırıq. Zövq ala bildizmi bu mövsümdə Azərbaycan Premyer Liqasından? Çətin…
Komanda.az
Bizi Facebook-da izləyin