“Nə mümkünsə etmək lazımdır ki, “Futbol+” yaşasın”
Bu gün “Futbol+” qəzetinin kollektivi mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, mətbuat konfransı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 yanvar tarixli qərarına həsr olunub. Qəzetin baş redaktoru Mahir Rüstəmli bildirib ki, KİVDF yanvarın 31-də müsabiqə qaydalarında dəyişiklik edib:
“Yeni şərtlər qəbuledilən və anlaşılandır. Ancaq təəssüf ki, müsabiqəyə yalnız ictimai-siyası qəzetlər buraxılacaq. Bu da gündəlik idman nəşri kimi fəaliyyətimizi birbaşa əngəlləyən səbəbdir. KİVDF-nin ayırdığı pul qəzetin ümumi büdcəsinin 40 fazini təşkil edir. Maliyyə yardımı ayrılmasa, hazırkı şərtlərdə fəaliyyətimizi davam etdirməyimiz mümkünsüzdür”.
Baş redaktor satış və reklam bazarının zəif olmasının da qəzetin maliyyə durumuna ciddi təsir etdiyini deyib:
“Satdığımız qəzetlərin də pulunu ala bilmirik. Hazırda fevralın 27-dir, ancaq hələ yanvar ayının pullarını heç bir firmadan ala bilməmişik. Bu formada qəzetin fəaliyyətini ayaqda saxlamaq demək olar ki, mümkünsüzdür. Ona görə də, istəyirəm ki, ictimaiyyət bu məsələyə diqqət ayırsın və bizə dəstək versin. Məsələylə bağlı ölkə başçısına da müraciət etmişik. Nə mümkünsə etmək lazımdır ki, “Futbol+” yaşasın”.
Rüstəmli qəzetin heç bir sponsor dəstəyinin olmadığını da bildirib:
“Ötən il oktyabrın 1-dən qəzetimizin heç bir sponsor dəstəyi yoxdur. Yalnız baş redaktor və kollektivin fədakarlığı, dostların köməyi və bəzi klub reklamlarını qeyd edə bilərəm. Bütün bunlar üst-üstə gəlir və qəzeti birtəhər ayaqda saxlayırıq. KİVDF maliyyəni dayandırsa, əlbəttə, ixtisarlar olacaq. Həm qəzetin dövriyyəsində, həm də işçi sayında”.
Bizi Facebook-da izləyin