Məvacibim barədə AFFA rəhbərliyiylə 2-3 dəqiqəlik danışığım olub – Müsahibə
Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis təyinatıyla bağlı bunları deyib:
- Bura gələn media nümayəndələrini gördükdə, Azərbaycan millisinin sizlər üçün nə qədər vacib olduğunu görürəm. Motivasiyam yetərincədir. İnanıram ki, gələcəkdə də sizinlə sıx əməkdaşlıq edəcəyik.
- Xorvatiya mətbuatı 2020-ci ilə qədər müqavilə imzalandığını deyir, ancaq AFFA-dan rəsmi məlumat yoxdur…
- Xorvatiyada heç bir media nümayəndəsiylə danışmamışam. Müqaviləm bir illikdir. Müqavilənin uzadılması barədə maddə var. Bu ilin axırında danışacağıq.
- Sırf özünüz üçün nə məqsədlər qoymusuz?
- Komandaya inanmalıyıq. Çox çətin qrupa düşmüşük. Bizim məqsədimiz mundiala qatılmaqdır.
- Azərbaycan çempionatında bir neçə oyunu izləmisiz, hansı təəssüratlar yarandı?
- İki oyun izləmişəm. Onlardan biri “Sumqayıt” – “Qarabağ” idi, biri də “Neftçi” – “Keşlə”. “Qarabağ” – “Neftçi” derbisinə də baxmışdım. Xüsusilə, bu oyun çox xoşuma gəldi. Əsasən, millinin futbolçuları bu komandaların oyunçularındandır. Çox bəyəndim bu oyunu.
- Millidə nə yenilik etmək istəyirsiz və komandanın qapısında kimi görmək istərdiz?
- Bundan əvvəlki seçmə mərhələnin oyunlarını izləmişəm. Düşünürəm ki, 90 dəqiqə düzgün taktikayla, motivasiyayla oynasaq, yaxşı nəticə əldə edərik. Qarşıda iki həftəmiz var. Qapıçıların oyunlarını izləyəcəm. Yığmaya çağırılan futbolçuların oyuna 90 dəqiqə köklənməsi vacib məqamdır.
- Seçmə mərhələnin oyunlarına bir aydan bir az çox vaxt qalıb…
- Martın 21-i çox vacib oyunumuz var, Xorvatiyaya qarşı. Hazırda 20 oyunçu var nəzərimdə olan. Milli komanda üçün yeni oyunçular axtarışında olacam. Bütün yerli futbolçular haqda kifayət qədər məlumat toplamışam. Bircə, xarici klublarda oynayan azərbaycanlı futbolçular haqda məlumat toplamamışam.
- Köməkçiləriniz Xorvatiyadan olacaq, yoxsa yerli məşqçilər də olacaq?
- Bir köməkçi məşqçim Xorvatiyadan olacaq, digəri isə yerli. Qapıçıların məşqçiləri də yerli olacaq. Marko Tosiç olacaq köməkçim. Ona inanıram. Xorvatiyanın “Lokomotiv” klubunun baş məşqçisi olub. Xorvatiyadan olan məşqçilər isə ancaq toplanışlar və oyunlar zamanı Bakıda olacaq. Yerli məşqçilərlə bağlı federasiya rəhbərliyiylə görüşəcəm.
- AFFA ilə müqavilə imzalamamışdan əvvəl Robert Prosineçkiylə danışdızmı?
- Prosineçkiylə 30 ilə yaxındır tanışam. Ondan və köməkçisindən məlumat almışam. Əvvəl də onunla Bakı və Azərbaycan haqda danışmışıq.
- Hədəfə yetişmək üçün nə kimi tədbirlər görəcəksiz?
- Oyunlarda komandanın fiziki hazırlığı baxımından problem olduğunu görmüşəm. Millinin bəzi oyunçularına həftədə 2-3 oyun keçirmək çətindir. Bunu təhlil edib, baxacağıq.
- Federasiyayla danışıqlarda sizdən əsas istənilən nə olub?
- Əsas məqsədimiz oyundan oyuna yaxşılaşmaqdır. Seçmə mərhələdə yaxşı mübarizə aparıb, AÇ-2020-ə qatılmaqdır. Mundiala getmək üçün çalışacağıq.
- Prosineçki tez-tez müsahibələrində, Azərbaycan mətbəxindən quzu kababını sevdiyini deyirdi. Siz Azərbaycan yeməklərinin dadına baxmısızmı?
- Bəli, dadmışam. Prosineçki ilə danışıqlarımız ancaq futboldan olmayıb. Bildirib ki, hər şey çox gözəldir. Ən əsas da yeməklərdən danışırdı. İki il də Türkiyədə çalışmışam. Oranın mətbəxini çox bəyənmişdim. Buranın da elə olacağını dşünürən.
- Xorvatiyayla oyuna qədər neçə təlim-məşq toplanışı edəcəksiz? Tarixlər bəllidirmi və burda olacaq, yoxsa ölkə xaricində?
- Növbəti günlərdə bunu müzakirə edəcəyik. Toplanışlar Bakıda olacaq. Tarixlərlə bağlı Premyer Liqanın cədvəlinə baxdıqdan sonra qərar verəcəyik.
- Hansı məbləğə çalışdığınızı ictimaiyyətə bildirə bilərsiz?
- Məvacibim barədə AFFA rəhbərliyiylə 2-3 dəqiqəlik danışığım olub. Onlar sizə daha sonra məlumat verəcək.
- Qurban Qurbanovla görüşmüsüzmü?
- Onun Azərbaycan futbolunda yeri haqda bilirəm. Serbiya millisinə vurduği iki qol yadımdadır. Onunla görüşmək üçün vaxtım olmayıb. Millidə olan və “Qarabağ”ın futbolçuları haqda onunla danışacağıq. Digər komandaların məşqçiləriylə də görüşməyi düşünürəm.
- Prosineçki adətən oyunlardan əvvəl heyətləri açıqlayırdı, sizdən də belə bir şey gözləyə bilərikmi?
- Burda problem görmürəm. Hərdən elə anlar olur ki, bir gün bu fikirlə yaşayım, ancaq oyun günü qərarım başqa olsun.
- Prosineçki burda olduğu müddətdə ailəsini də bura gətirmişdi. Siz necə addım atacaqsız? Məşqçilərin “çemodanlar”ı yanlarında olur adətən. Müqavilənin bir illik olduğunu nəzərə alsaq, necə addım atacaqsız?
- Prosineçkidən ancaq xoş sözlər eşidirəm. İki qızım və yoldaşımla burda olacağıq. Qızlar Zaqrebdə təshil alacaqlar deyə, orda olacaq. Ayda bir dəfə Bakıya gələcəklər.
- Hansı oyun fəlsəfəsiylə meydana çıxacaqsız?
- Oyun fəlsəfəm daha çox hücumameylli olmaqdır. Mənim üçün əsas intizamlı olub, kompakt oynamaqdır. Heyətdə olan oyunçular və kimə qarşı oynayacağıqsa, ona uyğun taktikayla çıxacağıq. Məsələn, Xorvatiyayla səfər matçı və Macarıstanla ev oyunumuzda taktikalar fərqli olacaq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin