Şahmatın “Ağ at”lı xanımı ilə MÜSAHİBƏ
Şahmat Azərbaycanda həmişə sevilən, seçilən idman növlərindən sayılıb. Bu idman növündə xeyli uğurlarımız var. Son illərdə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov kimi zəka sahiblərimiz öz adlarından tez-tez söz etdirirlər. Bir sözlə, şahmat ən azı futbol qədər ürəyimizi ağrıtmır, əksinə, sevindirir.
Keçmiş şahmatçı, Azərbaycanın beynəlxalq dərəcəli ilk qadın şahmat hakimi, əməkdar məşqçi və “Ağ at” şahmat məktəbinin yaradıcısı Ülkər Umudova da bu idman növündə “külüng vuranlar”dan biridir. Ülkər xanımla özü, yaradıcısı olduğu məktəblə bağlı söhbətləşdik.
- Necə oldu ki, şahmatçı karyeranızı başa vuraraq, hakimliyə başladız? Nəzərə alaq ki, bir idmançı üçün bu, olduqca ciddi, çətin addımdır.
- Bəli, əvvəl peşəkar şahmatçı idim. Sonra elə bir an oldu ki, seçim qarşısında qaldım. Ya ali təhsil, universiteti seçməli idim, ya da sırf şahmatçı kimi karyerama davam etməli idim. Mən də risk etməmək qərarına gəldim. Düşündüm ki, ali təhsillə yanaşı, karyeramı da davam etdirə bilərəm. Bir il karyerama fasilə verdim, əsas diqqətimi dərslərimə yönəltdim və ali məktəbə daxil olduqdan sonra şahmata qayıtmaq istədim. Lakin karyeramda fasilə yarandığı üçün əvvəlki performasımı göstərə bilmədim. Yüksək çıxış edə bilmədiyim üçün məyusluq yarandı. Əvvəl qazandığım yüksək reytinqim oynadıqca aşağı düşürdü. Amma şahmat ailəsindən kənarda qalmaq istəmirdim. Buna görə də, turnirlərdə özümü şahmatçı yox, hakim kimi sınamağa başladım.
- Azərbaycanın beynəlxalq dərəcəli ilk qadın şahmat hakimisiz. Bu status karyeranızda necə rol oynadı?
- Çox qürurverici bir hissdir. Az da olsa, Azərbaycan tarixinə adım yazılıb. Bunun üçün sevinirəm. Əslində, beynəlxalq karyeramda o qədər də böyük rol oynamadı. Çünki beynəlxalq dərəcəli hakimlər müxtəlif ölkələrdəndir. Həmin vaxt gənc idim, bu status məni daha da həvəsləndirdi. Maksimum güclə, maksimum həvəslə öz peşəmi sevərək, davam etdim.
- Necə oldu ki, məşqçilik karyerasına başlamağa qərar verdiz?
- Məşqçilik karyerama 2002-ci ildən sonra başladım. Təsadüf elə gətirdi ki, ilk tələbəm də xarici vətəndaş oldu. Həmin tələbə üçün ingilis dilli müəllim axtarırdılar. Mən də həmin tələbəni qəbul etdim, onunla dərs keçməyə başladım. Sırf maraq üçün başlamışdım. Bundan sonra məni tanıyan insanlar müraciət etməyə başladılar ki, məşqçiliyə başlamısansa, bizim də uşağımızı tələbə kimi götür. Beləliklə, 2003-cü ildən məşqçilik fəaliyyətim başladı. Hazırda əməkdar məşqçiyəm.
- Bir az da “Ağ at” haqqında danışaq. Bu şahmat məktəbini yaratmaq fikri necə yarandı?
- “Ağ at”ın yaradılması da planlı şəkildə alınmamışdı. Tələbəm həddindən artıq çox idi. Mən baş məşqçi, əsas metodist kimi fəaliyyət göstərirdim, amma fiziki olaraq çatdırmırdım. Qərara gəldim ki, özümə köməkçilər götürüm. Başqa məktəblərdən də müəllimlər dəvət etdim. Getdikcə böyüdük. Müəyyən səviyyəli uşaqları özüm götürdüm, digər səviyyələri isə mənim metodikamla başqa müəllimlər tədris edirdilər.
- Hakim, ya məşqçi? Özünüzü hansında tapmısız? Hansı sizə daha uyğundur?
- Hər iki peşəni sevirəm. Hakimlik çox maraqlıdır, beynəlxalq turnirlərdə iştirak edirsən, xarici ölkələrə səfər, yeni insanlarla tanışlıq, yeni adət-ənənələri öyrənmək, düşünürəm ki, bu, çox insanın arzusu olar. Bunlar beynəlxalq işlə məşğul olmağın ən yaxşı tərəfləridir. Hakimliyin mənfi cəhəti isə odur ki, ailəndən uzaq qalırsan. Mənim kimi ailəsinə bağlı olan biri üçün bu, çətin olar. Qısa müddətlik, bir həftə, on günlük olsa belə, bu ayrılıq çətin olur. Ona görə də, hazırda hakimliyə o qədər də üstünlük vermirəm. Məşqçiliyə gəldikdə isə, uşaqları çox sevirəm. Həm də məşqçilik, müəllimlik gözəl peşədir. Nəyisə tədris etmək, birinə nəyisə öyrətmək, bunlar gözəl hisslərdir. Həmin uşaqlar qalib gələndə, yaxşı nəticə qazananda, çox sevinirəm.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin