Mükəmməl və qüsurlu ruhlar
Vüsal “Aydın” Qəmbərov
Avqustun sonu, sentyabrın əvvəli… Yuxu kimi gəldi keçdi ömrümüzdən. Az qala hər gün yeni qələbə xəbərləri gəlirdi və bizə buna inana bilmirdik.
Nə tarixi nəticələr, nə mövcud reallıq, nə bildiyimiz, nə gözlədiyimizlə heç cür uyuşmayan möhtəşəm günlər… Paralimpiyaçılarımız elə mübarizə apardılar ki, xalq olaraq bir ağızdan “gərək əsas olimpiadaya elə bunları göndərəydilər” dedik…
Fiziki qüsurlu insanın az qala insan sayılmadığı ölkənin idman nəhəngləri Fransa, Almaniya və Yaponiyadan çox – 14 qızıl medal götürməsi təkcə bizim sosial medianın müzakirə mövzusu deyildi.
Bu haqda paylaşımların, ilk 10 tablolarının göstərildiyi hər yerdə Azərbaycana hörmət, ehtiram, alqış var idi. Biz də fəxrlə dedik ki, bu qəhrəmanlar bütöv bir xalqın qürur mənbəyinə çevrildi.
Bu nəticələri soyuq başla, sırf rasio ilə təhlil etməyə çalışdım. Məsələyə bayrağın yüksəlməsi və himnin səslənməsinin duyğusal affektindən kənar, tamamilə rasional açıqlama verməyə cəhd etdim. Çətindir… Amma nələrsə demək olar.
Biz duyğuları yüksək tonda yaşayan və məntiqi “bazara alış-verişə göndərməyə” öyrəşmiş bir xalqıq. Pul mükafatı yaxşı motivatordur. Pulu da sevirik. Amma görünən odur ki, “duyğuların ağıl üzərində qələbə çalması” bizim torpaqlarda daha rahatdır. Əsas olimpiadada himnimiz oxunarkən ən ürəkdən göz yaşı tökən Samuel Henson olmuşdu, uzaq 2000-ci ildə, lap uzaq Sidneydə. Namiq Abdullayevə finalda uduzduğu üçün…
Balaca “əjdaha” Lamiyənin himnimizi maskanın altından oxuyarkən keçirdiyi hisslərin dərinliyi isə özünü normal və qüsursuz sayan çox idmançımızın boğulacağı qədər idi. Amma 19 yaşlı qızcığaz təkcə özü elə ağlamadı o gecə. Elə bizi də ağlatdı.
Bu müzakirələrin olduğu sosial media paylaşımlarında fiziki qüsurlu insanların “universitetə getməyimizə şərait yaradılır, amma bizi işə götürmürlər” tipli şikayəti var idi. Belə baxanda, dostumuz Afətin “bu ölkədə fiziki qüsurlu insanlar istedadı varsa, ya sənətkar olur, ya da hirs edib idmançı olur” sözü tam məntiqli gəlir.
Bu, o insanların özünə hörmət duyğusunun təcəssümüdür.
Özümün də bir dəfə videolardan birində səsləndirdiyim, elm tərəfindən iddia olunan bir fikir var: insanın ən güclü duyğusu həyatda qalma instinktidir. Bu olanlara rasional açıqlama vermək istərkən gəldiyim nəticə o oldu ki, insanı insan edən bu instinkt ola bilməz və özünə hörmət həyatda qalma instinktindən güclü ola bilər. Hər kəsdə yox, amma olur. Əsas həyatda qalmaq idisə, bəs niyə bəzi insanlar özünü öldürür? Niyə insanlar nəyisə bacarmayanda və ya hansısa amal üçün ölümə gedir? Özünə hörmət və qüruru üçün ölümə razı olmaq hər insanın həddinə də deyil. Bu bir dərinlik istəyir. Təbii ki, söhbət ancaq həyatına son verməkdən də getmir. Söhbət xəyalların, hədəflərin arxasınca gedə bilmək və öz imkanlarından daha yaxşısı üçün çalışmaqdan gedir.
Mən fəxr edirəm ki, bizim idmançılar bir ruh və toplu şəkildə Baron Babino kimi əfsanələrin arasına adını yazdırdı. Baron Babino anadangəlmə kar olan və 16 yaşında görmə qabiliyyətini tam itirən bodibildinq peşəkarıdır. Ömrünü özünün heç vaxt görə bilməyəcəyi bədən quruluşunu formalaşdırmağa xərcləyib və milyonları xəyallarının arxasınca getməyə həvəsləndirib. Bizim “əjdahalarımız” – Pərvin Məmmədov, Namiq Abbaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə, Raman Salei, Vəli İsrafilov, Şəhanə Hacıyeva, Hüseyn Rəhimli, Hamed Heydəri, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Elvin Astanov, Dürsədəf Kərimova, Orxan Aslanov və Lamiyə Vəliyeva kimi…
Bizi Facebook-da izləyin