“Müharibə davam edir” – Azərbaycan millisinin üzvü
Futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirən Azərbaycan millisinin üzvü Eduardo Berges Gürcüstana məğlubiyyəti (2:3) şərh edib.
Komanda.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Çox çətin oyun oldu. Biz təmkinli başladıq. Tədricən üstünlüyü ələ aldıq. Hətta iki qol vurduq və fasiləyə hesabda üstün yollandıq. Təəssüf ki, ikinci hissədə bunun davamını gətirə bilmədik. Əksinə, səhvlərə yol verdik. Futzalda kiçik detallar həlledici olur. Bəsit səhv görüşün taleyini həll edir. Biz də hesabı qoruya bilmədik, səhvlərə yol verdik. Bu həm fiziki baxımdan, həm də taktiki səhvlərə yol verməyimizin nəticəsidir.
Baş məşqçi sakit oynamağımızı istədi. Həmin vaxt hesabda üstün idik. Sonra isə toparlana bilmədik.
Müharibə davam edir. Şanslar qalır. Qarşıda iki oyunumuz var. İki il əvvəl də bu cür vəziyyətlə üzləşmişdik. Xorvatiyaya uduzduq, sonra Rusiya millisini yendik. Bilmək olmaz, bəlkə bu dəfə də həmin ssenari təkrarlanacaq. Başa düşürəm, İspaniya güclü rəqibdir. Amma biz də lazım olan nəticəni qazanmalıyıq”.
Bizi Facebook-da izləyin