“Milli üzvləri hazırda tam ideal formada deyil”
Yanvarda Dağıstanın paytaxtı Mahaçqalada təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə yığmamız hazırda məşqləri Olimpiya Güləş Mərkəzində davam etdirir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi bir neçə gündən sonra 2019-cu ildə ilk sınağını İranda keçiriləcək “Təxti kuboku” ilə verəcək.
Yenidən əsas komandanın baş məşqçisi təyin olunan Saypulla Absaidov AGF-nin rəsmi saytına açıqlama verib. Təcrübəli mütəxəssis əvvəlcə ilk toplanış haqqında fikir bildirib:
“Mövsümün ilk toplanışı hazırlığın bazası sayılır. Bu üzdən əsas diqqəti funksional hazırlığa yönəltmişdik. Ötən il dünya çempionu olan 3 dağıstanlı güləşçinin də yer aldığı yerli komandayla birgə toplanış keçmək bizim üçün çox vacib idi. Bu, öz gücümüzü görmək və rəqibi qiymətləndirmək üçün önəmliydi. Nəyin üzərində necə işləməli olduğumuzu bu toplanış sayəsində təhlil edə bildik. Çatışmayan cəhətlərimizi gördük. Orada yüklənmə fonunda hazırlıq keçdik. Fiziki hazırlıq və sürət üzərində işlədik. Qısası, Mahaçqala toplanışı bizim üçün çox faydalı oldu”.
Yığmanın çalışdırıcısı qarşıdakı planlardan da danışıb: “Hazırda komanda tam ideal formada deyil. Onsuz da bizə indiki vaxtda pik formada olmaq lazım deyil. Əsas odur ki, Avropa çempionatınadək hazırlığımızın zirvəsinə çataq. İranda layiqli mübarizə izləyəcəyimizi düşünürəm. İki çəkidə problemimiz var. 57 və 125 kq-da çıxış edən güləşçilərimiz zədəlidir. “Təxti kuboku”ndan sonra intensiv hazırlıq mərhələsinə start verəcəyik. Növbəti təlim-məşq toplanışını Kislovodskda keçəcəyik. Bu toplanışda da ağır yükləmələr – fiziki və funksional hazırlıq, sürət üzərində çalışmalar prioritet təşkil edəcək. Ondan sonra son hazırlığımızı keçib, Avropa çempionatına yollanacağıq. Qitə birinciliyinə “1 nömrələr”lə qatılmağı planlaşdırırıq. Çünki bu yarış 2-ci Avropa Oyunlarına vəsiqə verəcək”.
Bizi Facebook-da izləyin