Milli dərdimizin iki böyük “NİYƏ”si

Əmir

Futbol üzrə milli komandamız yenə öz ampluasındadır. Yığmanı hətta ən zəiflərin yığışdığı qrupa belə atsan, uduzmağa rəqib tapacaq. Lüksemburq məğlubiyyətindən sonra beynimi hər dəfə millimizin oyunlarından sonra yazılan, deyilən çeynənmiş tənqidlər didib-parçalayır. “Niyə”lərin sayı-hesabı yoxdur.

Lakin hər nə qədər şablon olsa belə, bu “niyə”lərin ikisi həmişə öz aktuallığını qoruyacaq:

1. NİYƏ millini əcnəbi mütəxəssis çalışdırmalıdır?

Bir halda ki, yığma heç vaxt boyundan yuxarı tullana bilmir və geridə qoyduğumuz uzun illər sübut edib ki, “sükan arxasında” yerli və ya əcnəbi olmasından asılı olmayaraq, təxminən eyni nəticələr təkrarlanır. NİYƏ millini yerli yox, ondan qat-qat artıq məvacib alan əcnəbi çalışdırmalıdır?

Ölkədə səviyyəli futbolçu yetişmir (səbəbləri, günahın kimdə olması müzakirəyə açıq mövzudur) və yığma bundan artıq nəticəyə nail ola bilmirsə, de byazilərə, prosineçkilərə, foqtslara, yurçeviçlərə nə ehtiyac var? Üstəlik bu məşqçilərə verilən yüzminləri ölkə futbolundakı çoxsaylı dərdlərimizdən hansısa birinə dərman tapmaq üçün sərf etmək olardı. NİYƏ futbolumuzun başbilənləri bu əcnəbilərin yerlilərdən uğurlu olacağını düşünüb və hələ də düşünür? NİYƏ geridə qalmış nəticələrdən dərs çıxarmırlar?

Bilirəm, indi ölkə futbolunun içində olanlar, əsl həqiqəti bilənlər mənim bu qədər saf düşüncədə olduğuma gülürlər. Çünki əsl səbəb onlara da, elə mənə də bəllidir. Ən acınacaqlısı isə əcnəbi mütəxəssislərlə bağlı fakt ortada olduğu halda, yenə oxşar qərarlar verilməklə futbol ictimaiyyətinin, idman mediasının və ölkə futbol həvəskarlarının ələ salınmasıdır.

2. NİYƏ ölkənin MİLLİ komandasında süni şəkildə azərbaycanlılaşdırılmış şəxslər oynamalıdır?

Yuxarıda əcnəbi mütəxəssislərlə bağlı dediyim şeyləri əcnəbi futbolçulara da şamil etmək olar. Bir halda ki, milliləşdirilmiş oyunçu yığmanın oyununda ciddi dəyişiklik etməyəcək, NİYƏ hər hansı gənc azərbaycanlının yerini tutmalıdır? NİYƏ biz hansısa ukraynalı Krivotsyuka əsas yığmanın (!) heyətində təcrübə toplamağa şərait yaratmalıyıq? Axı ondan öncə millinin qapılarının taybatay üzünə açıldığı dağıstanlı, ukraynalı, rus və digər başqa qeyri-azərbaycanlıların millimizə nə kimi xeyri dəydi?

Nə qədər ki ölkə futbolunda ciddi islahatlar olmayıb (fiziki və düşüncə olaraq), qərarlar məntiq yox, şəxsi mənfəət nəzərə alınaraq veriləcək, yuxarıdakı bu iki “NİYƏ” həmişə öz aktuallığını qoruyacaq. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button