“Mançester Yunayted”lə oynamaq üçün ən pis dövrdəyik” – Klopp
Premyer Liqanın növbəti turunda “Mançester Yunayted”lə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az İngiltərə məbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, “qırmızı şeytanlar”la oyunun çətin vaxta təsadüf etdiyini deyib:
“Hamının nə düşündüyünü bilirəm. “Mançester Yunayted”lə oynamaq üçün ən pis dövrdəyik. Amma biz də ora zəif komanda olaraq getmirik. Son dərəcə yaxşı hazırlaşmış komandayıq”.
51 yaşlı mütəxəssis, rəqibin baş məşqçisi Ole-Qunnar Sulşer haqqında da danışaraq, onu tərifləyib:
“Hər zaman baş məşqçilərin sehrbaz olmadıqlarını deyirəm. “Mançester Yunayted”in yaxşı potensialı vardı, Sulşer gəldi və ağıllı qərarlar verərək, uğurlu oldu. O, öz səviyyəsini sübut etdi. Artıq onun növbəti mövsüm “Mançester Yunayted”ə rəhbərlik edəcəyi ilə bağlı heç kimin şübhəsi yoxdur. O, yüz faiz buna layiqdir. Yeni baş məşqçi gəlsə və ilk oyununda komanda məğlub olsa, nə baş verəcəyini düşünə bilirsiz?
Bütün bu dediklərimdən sonra Joze Mourinyoya haqsızlıq etdiyim düşünülməsin. Mourinyo ali bir insandır, amma o, “Mançester Yunayted”də gərgin bir mühitdə idi”.
“Mançester Yunayted” – “Liverpul” oyunu sabah, saat 18:05-də keçiriləcək.
Bizi Facebook-da izləyin