Mahir Emrelinin klubunda baş məşqçi dəyişikliyi
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu baş məşqçisi və idman direktoru Ante Çaçiçlə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
69 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onun istefasına Zaqreb təmsilçisinin son dövrlərdəki qeyri-sabit çıxışı səbəb olub. 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edən “Dinamo” son 5 matçda 2 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə ilə yadda qalıb.
Artıq “Dinamo”nun yeni baş məşqçisi də bəllidir. Zaqreb təmsilçisini bundan sonra sabiq futbolçusu İqor Bişçan çalışdıracaq. 44 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Bişçan hazırda Xorvatiyanın U-21 yığmasına da başçılıq edir.
Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli müqavilə ilə məhz “Dinamo”ya məxsusdur. O, qış fasiləsində icarə əsasında Türkiyə “Konyaspor” komandasına keçib. 25 yaşlı futbolçunun Super Liqa təmsilçisi ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.
Bizi Facebook-da izləyin