Mahir Emreli “Dinamo”ya keçidindən danışdı: “Təəssüratlarım əladır”
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna keçidindən danışıb.
Komanda.az xəbər verir ki, o, Zaqreb təmsilçisinin mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Buraya gələndə hamı mənə qarşı isti münasibət göstərdi və ilkin təəssüratlarım əladır. Komanda yoldaşlarımla, baş məşqçi Jelko Kopiçlə tanış oldum. Mənə söylədilər ki, nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya bilərəm. Burada tanıdıqlarım əla insanlardır. “Dinamo”ya keçdiyim üçün xoşbəxtəm. Həqiqətən də bu klubun bir hissəsi olmaq heyrətamizdir. Komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdur, hər kəs bunu çox yaxşı bilir”.
Mahir daha əvvəl Zaqreb təmsilçisinin bir neçə oyununu izlədiyini vurğulayıb: “İngiltərənin “Tottenhem” klubuna qarşı matç möhtəşəm idi. “Dinamo” göstərdi ki, rəqib top klub olsa da, müqavimət göstərmək mümkündür və hamı bu komandaya hörmət etməlidir”.
Xatırladaq ki, Mahir Emreli bir neçə gün öncə “Dinamo” ilə 4.5 illik müqaviləyə imza atıb.
Bizi Facebook-da izləyin