Mahir “Dinamo”nun düşərgəsinə döndü, klubu daha bir transferi açıqladı
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının düşərgəsinə qayıdıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçu təlim-məşq toplanışının əsas mərhələsi üçün bu gün komanda ilə birlikdə Sloveniyaya yollanıb.
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Son ölkə çempionu hazırlıq çərçivəsində 2 yoxlama matçı keçirəcək. Rəqiblər Şimali Makedoniyanın “Şkendiya” klubu və yerli Trnava “Spartak”ı olacaq. Qarşılaşmalar müvafiq olaraq, iyunun 26-da və iyulun 1-də baş tutacaq.
Mahir Emreli Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı oyunlarında iştirak etdiyi üçün “Dinamo”nun toplanışına gec qatılıb.
Yeri gəlmişkən, “Dinamo” heyətinə yeni futbolçu da cəlb edib. Zaqreb təmsilçisi İtaliyanın “Atalanta” klubunun və Xorvatiyanın U-21 yığmasının üzvü Boşko Şutalonu heyətinə qatıb. 22 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb və Sloveniya toplanışına yollanıb. Xorvatiyanın “Osiyek” klubunun yetirməsi olan Şutalo, 2020-ci ildən “Atalanta”da çıxış edirdi. Müdafiəçi ötən mövsüm İtaliyanın “Verona” klubunda icarədə də oynayıb.
Bizi Facebook-da izləyin