“İnsanlar “Sent Patriks Atletik”i çox aşağı dəyərləndirirdilər” – MÜSAHİBƏ
“Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasabalın Komanda.az saytına müsahibəsi:
- Öncə UEFA Konfrans Liqasındakı çıxışınızı dəyərləndirərdiz… Daha da irəli getmək üçün nə çatışmadı?
- Daha irəli gedə bilərdik. Komanda olaraq buna inanırdıq. Lakin futbol belədir, heç də hər şey həmişə sənin düşündüyün kimi reallaşmır. Sonda elə alındı ki, avrokubokdakı bir il öncəki nəticəni təkrarladıq.
- Daha güclü olan “Makkabi” (Hayfa) səddini keçdiz, amma çoxunun asan rəqib kimi dəyərləndirdiyi “Sent Patriks Atletik”ə hər iki oyunda məğlub olduz. Məğlubiyyətin səbəbi sadəcə hər iki oyunda azlıqda qalmanız idi?
- Qırmızı vərəqələr həmişə çətinlik yaradır. Üstəlik, düşünürəm ki, insanlar “Sent Patriks Atletik”i çox aşağı dəyərləndirirdilər. Fikrimcə, bu komanda təqdim olunandan daha səviyyəli idi. Amma istənilən halda, bu mərhələni keçməliydik. Xüsusilə, ilk oyunda öz potensialımızdan aşağı çıxış etdik.
- Çempionata yaxşı start vermisiz. Komandanız uğurlu çıxışını sona qədər davam etdirə biləcək gücdədir?
- Məqsədimiz budur. İndi əsas diqqətimizi Premyer Liqaya yönəltmişik. Ümid edirəm ki, qələbə seriyamızı davam etdirə biləcəyik.
- Artıq iki ilə yaxındır ki, buradasız. Azərbaycan futbolunu necə dəyərləndirirsiz?
- Hər çempionat kimi Azərbaycan çempionatının da spesifik xüsusiyyətləri var. Bu liqa sizdən yüksək fiziki hazırlıq tələb edir. İlk qolu vurmaq da vacibdir, çünki əks halda, ikinci hissədə oyun çox dayanacaq.
- Rəhbərlik cari mövsümdə qarşınıza hansı hədəfləri qoyub?
- Əsas məqsəd çempionatı ilk pillələrdə bitirməkdir. Bundan əlavə, hər növbəti matça qələbə üçün çıxmaq da əsas hədəfimizdir.
- Baş məşqçiniz Krunoslav Renduliç haqda nə deyə bilərsiz? Sizdən tələbləri nədir?
- Əvvəla onu deyim ki, Krunoslav Renduliçlə çalışmaqdan məmnunam. O, ilk növbədə bizi hər matçda qələbəyə kökləyir. Əlbəttə, oyundan oyuna tapşırıqlar, göstərişlər fərqli ola bilər. Bizdən əsasən, sürətli oynamağı, arxa xətdə ayıq olmağı, üstəlik oyun zamanı daim komanda yoldaşlarımızla ünsiyyətdə olmağı tələb edir.
- Son turda “Kəpəz”lə qarşılaşmada hesabda 0:2 geridə idiz… Oyunu çevirmək üçün baş məşqçinizidən hansı təlimatları aldız?
- Fasilədə bizi motivasiya etdi, ikinci hissədə oyunu çevirməli, hesabda üstünlüyü ələ almalı olduğumuzu bildirdi. Şəxsən mənim fikrimcə, “Kəpəz”lə oyunun ilk hissəsində qeydə alınan hesab ədalətli deyildi. İlk hissədə də meydanda üstün olan tərəf biz idik.
- Komandada ən çox kiminlə yaxınsız, dostluq edirsiz?
- Komandada bütün futbolçularla çox yaxşı münasibətim var. Kimisə xüsusi fərqləndirməkdə çətinlik çəkirəm. Əlbəttə, dillə bağlı olaraq ispandilli oyunçularla daha çox ünsiyyətdə oluram. Amma ümumilikdə bütün komanda yoldaşlarımla çox gözəl münasibətim var.
- Cari mövsümdə də hamı “Qarabağ”ı çempionluqda fovarit görür. Bu mübarizədə “Sabah”ın şanslarını necə dəyərləndirmək olar?
- Bu, normaldır. Amma sırf özümüzlə bağlı məsələyə gəldikdə isə, indidən nə isə demək çətindir. Bunu zaman göstərəcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin