“Zamanla onun həm də, yaxşı insan olduğunu anladım” – Qvardiola
İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində “Aston Villa”ya 6:1 hesabı ilə qalib gələn “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, oyundan razı qaldığını bildirən ispan mütəxəssis, vurduğu 3 qolla Premyer Liqada ən çox fərqlənən əcnəbi futbolçu statusuna yiyələnən Serxio Aquero haqqında da danışıb:
“Oyunun əvvəlindən nəzarəti ələ keçirdik. Yaxşı çıxış etdik və əla nəticə qazandıq. Artıq turnir cədvəlinin ikinci pilləsindəyik, mövsümün sonuna qədər bu yerimizi qorumaq və mövqeyimizi daha da yaxşılaşdırmaq istəyirik.
Aquero artıq bir əfsanə idi və bu status daha da böyüdü. Düşünürəm ki, o, bu çempionatda gördüyüm ən inanılmaz futbolçulardan biridir. Məncə, o da qazandıqlarıyla qürur duyur. Bunlara nail olmaq üçün uzun illər sabit çıxış etməlisən. Kluba gələrkən, onun haqqında yaxşı fikirdə idim, amma zamanla onun həm də, yaxşı insan olduğunu anladım”.
Cari mövsümdə keçirdiyi 22 turdan sonra 47 xal toplayan MS, lider “Liverpul”dan 14 xal geri qalır.
Bizi Facebook-da izləyin