London derbisi təxirə salındı
Futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilməli olan “Tottenhem” – “Arsenal” matçı təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Buna “Arsenal”ın heyətlə bağlı ciddi problemlərlə üzləşməsi səbəb göstərilib. Belə ki, London təmsilçisi bu matç üçün heyət qurmaqda çətinliklə üzləşmişdi. Bu barədə klubun mətbuat xidməti məlumat yaymışdı. Futbolçuların bəzisi zədə, bəziləri isə koronavirusla bağlı karantində olduğu üçün “Tottenhem”lə matça çıxa bilməyəcəkdi. Bu üzdən də “topçular” heyətinin kasad olması səbəbindən London derbisinin təxirə salınması üçün Premyer Liqa rəhbərliyinə müraciət etmişdi.
Xatırladaq ki, “Tottenhem” – “Arsenal” matçı yanvarın 17-də keçirilməli idi. 22-ci turun “Bernli” – “Lester Siti” matçı da birincilərin heyətində əksər futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınmışdı. Artıq koronavirusa yoluxmalar səbəbindən bu mövsüm təxirə salınmış matçların sayı 21-ə yüksəlib.
Bizi Facebook-da izləyin