“Lex”i Bakıda əsl cəhənnəm gözləyir”
“Qarabağ”ın sabiq müdafiəçisi, hazırda Polşanın “Visla” (Plotsk) klubunda forma geyinən Yakub Jezniçak UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Lex” – “Qarabağ” matçına dair daha bir açıqlama verib.
Komanda.az xəbər verir ki, o, Polşa mətbuatına açıqlamasında bunları söyləyib:
“Şanslar “Qarabağ”ın xeyrinədir. Düşünürəm ki, cütün favoriti də məhz qonaqlardr. “Lex” mərhələni keçmək istəyirsə, məsələni ilk oyunda həll etməlidir. Yalnız yaxşı nəticə Poznan təmsilçisinə cavab görüşü barədə nikbin düşünməyə imkan verə bilər”.
Hazırda ölkəsinin “Visla” (Plotsk) klubunda çıxış edən 36 yaşlı polşalı müdafiəçi bildirib ki, Poznan klubunu Bakıda əsl cəhənnəm gözləyir: “İyunun əvvəlindən orada inanılmaz istilər başlayır. Temperatur adətən 30 dərəcədən yüksək olur. Oradakı avrokubok oyunlarımızı xatırlayıram. Rəqiblərimiz ilk 45 dəqiqədən sonra “ölürdülər”. Bu halla Danimarka “Kopenhagen”i də üzləşmişdi”.
Təcrübəli oyunçu “Qarabağ”ı əla və təcrübəli komanda adlandırıb. O, bugünkü qarşılaşmada “köhlən atlar”a azarkeşik edəcəyini söyləyib: “Bu komandada Çempionlar Liqası ilə bağlı gözəl xatirələrim var. Oradak dostlarımla hələ də əlaqə saxlayıram. Bunu nəzərə alsaq, ürəyim “Qarabağ”a daha yaxındır”.
Xatırladaq ki, Yakub Jezniçak 2017-2019-cu illər aralığında “Qarabağ”da forma geyinib.
Bu gün Poznanda baş tutacaq “Lex” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Bizi Facebook-da izləyin