“Kəpəz”in futbolçuları azarkeşə doğum günü sürprizi ediblər
“Kəpəz”in 13 yaşlı Hüseyn Hüseynli adlı azarkeşi sosial şəbəkə vasitəsi ilə kluba müraciət ünvanlayaraq xəyallarında tutduğu arzusunun doğum günündə reallaşmasını istəyib.
Komanda.az xəbər verir ki, o, ad gününü ən çox sevdiyi futbol komandasının oyunçuları ilə birgə qeyd etmək istəyində olduğunu bildirərək futbolçuları qonaq çağırıb.
“Sarı-göylər” Hüseynin arzusunu çin ediblər. Qonaqları qapıda qarşılayan yeniyetmə sevincdən göz yaşlarına hakim ola bilməyib. Onu təbrik etmək üçün Tural Rzayev, Əli Səmədov, Junior Martins və Olavale Onanuqa onlara təşrif buyurub. Xoş sürprizin sevincindən bir qədər özünü itirən Hüseynə valideynləri dəstək olub və qonaqları içəri dəvət edib. Sevincinin həddi-hüdudu olmayan azarkeş söhbət əsnasında bu doğum gününü heç vaxt unutmayacağını bildirib. Tortunu sevdiyi futbolçularla kəsən gənc azarkeş onlarla xatirə çəkilləri çəkdirib, təbrikləri qəbul edib.
“Kəpəz”in oyunçuları üçün də dəvət gözlənilməz olub. Dəvəti müsbət cavablayan futbolçular ilk dəfə doğum günü ilə bağlı azarkeşin evinə getdiklərini qeyd ediblər.
Hüseyn Hüseynlinin sözlərinə görə, lap uşaqlıqdan “sarı-göylər”ə azarkeşlik etməyə başlayıb. Atası onu 5-6 yaşlarından stadiona oyunları izləməyə aparıb. Elə o vaxtdan futbol sevgisi, “Kəpəz” klubu onun qəlbində xüsusi yer tutur.
Bizi Facebook-da izləyin